Türkiyə şirkəti Türkmənistan Hərbi Dəniz Qüvvələri üçün 2 hərbi gəmi inşa edəcək

Türkiyə şirkəti Türkmənistan Hərbi Dəniz Qüvvələri üçün 2 hərbi gəmi inşa edəcək
# 18 may 2011 16:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin «Dearsan» şirkəti Türkmənistan Hərbi Dəniz Qüvvələri üçün bu ölkədə 2 ədəd «Tuzla» sinifli hərbi gəminin inşasını həyata keçirəcək. Bu barədə APA-ya «Dearsan» şirkətindən məlumat verilib.

İstanbulda ötən həftə baş tutmuş İDEF-2011 müdafiə sərgisində yeni gəmilərini nümayiş etdirən «Dearsan» yetkililərinin verdikləri məlumata görə, Türkmənistan üçün inşa olunacaq gəmilərin uzunluğu 56 metr olacaq. Bu gəmilər Türkmənistanın dəniz sərhədlərinin qorunmasında - sərhəd gözətçi gəmisi kimi istifadə olunacaq. Hər iki gəmi Türkmənistanın sahil limanlarından birində qurulmuş tərsanədə, yerli işçilərin cəlb olunması ilə tikiləcək. Sonrakı mərhələdə sifarişlər olarsa, Türkmənistan HDQ üçün yeni gəmilərin tikintisi mümkündür.

«Dearsan» rəsmilərinin sözlərinə görə, şirkətin Türkmənistan Hərbi Dəniz Qüvvələri üçün inşa etdyi «Tuzla» sinfli hər iki gəmi şirkətin Türkiyə Dəniz Qüvvələrinə tikdiyi gəmilərin bənzəri, əslində eyni (400 ton sututumuna malik, 34 heyətli ) olacaq. Gəmilər HAVELSAN döyüş idarəetmə sistemləri, Yaltes/Imtech Built Integrated Platform Management Systems (IPMS), operator konsolları, taktiki ekran bölmələri və EO/Sonar Konsol otağı (EO/Sonar Console Suits), ASELSAN şirkətinin istehsalı olan «AselFLİR-200D» müşahidə qurğusu ilə təchiz ediləcək.

Gəmilərin silahlanmasına ASELSAN/ROKETSAN birgə istehsalı olan ASW raket buraxılış qurğusu, İtaliyanın «Oto Melara» şirkətinin istehsalı olan 1 ədəd iki lüləli 40 mm çaplı top, ASELSAN şirkətinin istehsalı olan 2 ədəd 25 mm-lik STOP sistemi daxildir. Bundan başqa, gəmilər sualtı bombalarla və sualtı qayıqlara qarşı raket buraxılış qurğusu ilə təchiz olunacaq.

Türkmənistan və Türkiyənin «Tuzla» sinfli gəmilərində yeganə fərq sonar sistemlərinin fərqliliyidir. Türkmənistan gəmiləri “Thales VARIANT 2D” hava/yer müşahidə radarına malik olacaq. “Thales VARIANT 2D” radarı X və C tezliyində fəaliyyət göstərən 70 km məsafədə hədəfləri müəyyənləşdirə bilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR