Ötən il Azərbaycanda 196 nəqliyyat vasitəsi oğurlanıb

Ötən il Azərbaycanda 196 nəqliyyat vasitəsi oğurlanıb
# 16 yanvar 2016 14:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ötən il Azərbaycanda 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə polisə məlumat daxil olub ki, onlardan 130-u tapılıb.

APA-nın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov idarədə keçirilən geniş əməliyyat müşavirəsində bildirib. O qeyd edib ki, bu gün ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində ən müasir keşik avtomobillərinin, digər zəruri texnika və avadanlıqların imkanlarından yararlanan dövlət yol polisinin əməkdaşları tərəfindən 2015-ci il ərzində 2,5 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkarlanıb, 4 min 241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Həmçinin, avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı ilə axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılıb, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına verilib. İl ərzində Baş İdarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 130-u tapılıb.

DYP əməkdaşları tərəfindən 3 avtomat, 10 avtomat darağı, 389 müxtəlif kalibrli döyüş patronu, 3 tüfəng, 2 əl qumbarası aşkar edilərək istintaq orqanlarına təhvil verilib, axtarışda olan 19 nəfər yaxalanıb, polisin digər xidmətləri ilə birgə 79 kiloqramdan çox narkotik vasitə götürülüb.

Ötən il yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği məsələləri fəaliyyətin prioritet istiqamətlərinə aid edilməklə bu sahədə də bir sıra tədbirlər həyata keçirilib. Belə ki, yol sahələrində 100 svetofor obyekti quraşdırılıb, 25,7 mindən artıq yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib. Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə əhali arasında geniş izahat işləri davam etdirilib, televiziya kanallarında mütəmadi olaraq hadisələrin baş verməsinə səbəb olan qayda pozuntularının izahına dair sujetlər yayımlanıb, respublika ərazisində hərəkətin təhlükəsizliyi həftəlikləri və aylıqları keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR