Yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
# 16 yanvar 2016 14:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün daxili işlər naziri Ramil Usubovun iştirakı ilə 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir bildirib ki, Dövlət Yol Polisinin maddi texniki bazasının müasirləşməsi, xidmətin «elektron hökumət» dövlət proqramına uyğun qurulması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tədbirlər hesabat dövründə də davam etdirilib.

Qeyd olunub ki, ötən il yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən qorunması sahəsində zəruri tədbirlər həyata keçirilib.

Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə DYP hissələrinin, stasionar postların, patrul avtomobillərinin, qeydiyyat-imtahan məntəqələrinin və diaqnostika mərkəzinin “Mərkəzi informasiya sistemi”nə birbaşa inteqrasiyası başa çatıb, avtomobil yollarında foto-video qeydiyyat funksiyalı texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilib, şəhərlərarası avtomobil yollarında 154 nöqtədə 206 radar, 175 nöqtədə 595 ədəd videokamera quraşdırlıb.

Nazirliyin rəhbərliyinin tapşırığına əsasən, şəxsi heyətin səmərəli fəaliyyətinin təmin olunması üzrə işlər davam etdirilib, idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, şəxsi heyətin professional səviyyəsinin artırılması, qanunçuluğun, o cümlədən insan hüquq və azadlıqlarının qorunması, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinin vəziyyəti ciddi nəzarətdə saxlanılıb. Qanunvericiliyə edilmiş son dəyişikliklərdən, digər aidiyyəti normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin düzgün icrası, qarşıya qoyulan tələblərin hər bir əməkdaşa çatdırılması təmin olunub.

Müşavirədə çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirəyə yekun vuran daxili işlər naziri DYP xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib, hər bir əməkdaşın vəzifə borcunun öz xidməti funksiyalarını layiqincə yerinə yetirmək, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.

Ramil Usubov müasir dövrdə qanunvericilik aktlarının çox dinamik olduğunu, yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından vaxtaşırı dəyişikliyə məruz qaldığını xatırladaraq, onların dərindən öyrənilməsinin, praktikada düzgün tətbiq etməyin vacibliyini və zəruri hallarda vətəndaşlara izah etmək bacarığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nazir qəzaların baş verməsinə birbaşa təsir göstərən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması və digər inzibati xətaların aşkarlanmasının daha da gücləndirilməsinin, həmin məsələlərlə bağlı aidiyyəti ərazi polis orqanlarına əməli köməklik göstərilməsinin, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində əhalinin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsinin, təhsil müəssisələrində təbliğat işlərinin, habelə, hadisələrin və onların hüquqi nəticələrinin kütləvi informasiya vasitələrində, xüsusən, televiziya kanallarında davamlı olaraq işıqlandırılmasının, yol polisi əməkdaşlarının qanunla müəyyən edilmiş səlahiyyətlərini qanunvericiliyə tam uyğun həyata keçirmələrinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda nazir R.Usubov tərəfindən ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşa mükafatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR