Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər. AMEA-dan APA-ya verilən xəbər görə, bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan tədbirdə tərəflər arasında memorandum imzalanıb. Sənədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və səhmdar cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimov imza atıblar.
Razılığa əsasən, müştərək olaraq alim və mütəxəssislər Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki tədqiqini aparacaqlar. Sənəd elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, layihə və inkişaf proqramlarının həyata keçirilməsini və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasını nəzərdə tutur.