30-50 faiz ucuzlaşma: “8-ci kilometr bazarı”ndan REPORTAJ

30-50 faiz ucuzlaşma: “8-ci kilometr bazarı”ndan <span style="color: red;">REPORTAJ
# 18 yanvar 2016 10:01 (UTC +04:00)

Bazarlarda Yeni İl bayramı ilə əlaqədar ənənəvi qiymət artımı tendensiyası aradan qalxmaq üzrədir. Bayram ərəfəsində bazarda tələbin artması qiymətlərin bahalaşmasına səbəb olsa da, sonradan tələbin əvvəlki günlərlə müqayisədə azalması, qiymətlərə də təsir göstərib. Paytaxtın qiymət baxımından ən əlverişli bazarlarından olan “8-ci kilometr” bazarında apardığımız müşahidələr bunu söyləmə əsas verir.

Əhalinin ən çox istehlak etdiyi məhsullardan biri kartof və soğandır. Ötən həftə ilə müqayisədə kartofun qiymətində əməlli-başlı ucuzlaşma var. Əgər Yeni İlin ilk ongünlüyündə bazarda yerli kartofun qiyməti 1.30-1.50 manat arası dəyişirdisə, indi orta qiymət 80-90 qəpik təşkil edir. Gədəbəy və Tovuzdan gətirilmiş yerli malın qiymətinə kartofun sortu da təsir göstərir. Alıcılar arasında çox populyar olan “Telman” sortunun bir kiloqramı 90 qəpiyə satılır. Rusiya, Belarus, İran və Türkiyədən gətirilmiş kartof məhsullarının qiyməti də ciddi ucuzlaşıb. Ötən həftə 1.00-1.20 manata satılan Rusiya kartofunun qiyməti “8-ci kilometr” bazarında 60-70 qəpik arasında dəyişir.

Soğanın qiyməti də ötən həftə ilə müqayisədə ucuzlaşıb. Bazarda əsasən bölgələrdən gətirilmiş yerli mallar çoxluq təşkil edir. Ağdam və Cəlilabadda yetişdirilmiş soğanın bir kiloqramının qiyməti 70-90 qəpikdir. Qiymətə məhsulun ölçüsü və saxlanma müddəti kimi amillər də təsir göstərir. Satıcılar mövsümdən asılı olmayaraq soğana hər zaman ehtiyac olduğunu bildirir. Bu səbəbdən qış mövsümündə soğanın qiyməti digər məhsullara nisbətən dəyişməz, sabit qalır. Lakin bayramdan sonra alıcılıq qabiliyyətinin nisbətən aşağı düşməsi satıcıları da soğanın qiymətini 10-20 qəpik ucuzlaşdırmağa məcbur edib.

Tərəvəz məhsullarından ən çox ucuzlaşan kələm və yerköküdür. Bazarda kələmin bir kiloqramı 35-40 qəpikdən satılır, yerkökünün qiyməti isə yerli və ya xarici mal olmasından, ölçüsündən və keyfiyyətindən asılı olaraq 35-50 qəpik arasında dəyişir. Qiymətlər üç kiloqramı 1 manatdan başlayır və 50 qəpikdə bitir. Göyərti məhsullarının qiymətində bayram ərəfəsində müşahidə olunan bahalaşmadan əsər belə qalmayıb. “8-ci kilometr bazarı”nda göyün 6-7 dəstəsi 1 manata satılır, spesifik sayılan kəvər və nanə kimi az tapılan göyərti məhsullarının qiyməti isə 20 qəpikdən artıq deyil.

Bayramdan sonra alıcılıq qabiliyyətinin düşməsi meyvələrin də qiymətinə təsir edib. Satıcılar satdıqları meyvələri daha ucuz qiymətə təklif etməyə başlayıblar. Bazarda narınginin bir kiloqramı 1.60 manatdan, portağalın kiloqramı 1.70 manatdan başlayır. Almanın qiyməti isə növündən asılı olaraq 0.50-1.50 manatdır.

Bazarda ət və balıq məhsullarının qiymətində də ciddi endirim müşahidə olunur. Yumşaq dana əti 7 manatdan təklif olunur, ev toyuğunun qiyməti isə tez bişən və gec bişən sort olmasına görə dəyişir. Tez bişən, orta çəkisi 1 kiloqram olan ev toyuğunun qiyməti 3.20 manatdan başlayır. Gec bişən toyuğun qiyməti isə 4 manatdır. Bazarlıq edərkən hansından almaq isə evdar xanımların qabiliyyətinə qalıb.

“8-ci kilometr bazarı” balıq məhsulları ilə də həmişə məşhur olub. Balıq satanlar üçün Yeni il, yaxud Novruz bayramı sözün əsl mənasında bayramdır. Bu ərəfədə balığa tələbat artdığından qiymətlər də bazar qanunlarına uyğun olaraq artır. Satıcılar yalnız bu ilin istisna olduğunu deyirlər. Yeni İldən sonra balıq məhsullarının qiymətində ciddi dəyişiklik olmayıb, bayram ərəfəsində əlində olan malı onsuz da ucuz qiymətə satan satıcılar indi də müxtəlif balıq növlərini alıcılara eyni qiymətə təklif edirlər. Balıq tez xarab olan məhsuldur, bu səbəbdən satıcıların balığı uzun müddət saxlamaq imkanının olmadığını da nəzərə almaq lazımdır. Satıcılar deyir ki, balıq bəlkə də yeganə məhsuldur ki, qiyməti 100 faiz diktə edən alıcılardır. Hazırda bazarda xanı balığının bir kiloqramının qiyməti 4 manat, sazan balığının qiyməti 5 manat, kütüm və kefalın qiyməti 7 manatdır. Sudakın qiyməti 6-8 manat arasında dəyişir. Qiymətə balığın təmizlənməsi, hissələrə bölünməsi də daxildir. Necə deyərlər, xanımlara təkcə balığı bişirmək qalır.

Göründüyü kimi bayramdan sonra bazarda qiymətlər ciddi şəkildə ucuzlaşıb. Bu həm də bazara xarici ölkələrdən çoxlu sayda məhsul daxil olması ilə izah edilir. Satıcılar topdansatış məntəqələrində qiymətlərin enməsinin də bazarda məhsulların ucuzlaşmasına ciddi təsir göstərdiyini bildirir. Onlar həm də hesab edir ki, ucuzlaşma prosesi hələ Novruz bayramınadək davam edəcək.

Bazar olsun!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR