Bakı. Fərid Mirzəyev – APA. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabr ayında Vətəndaşlarla iş bölməsinə 19 854 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 429 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6 425 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 876 sənəd (1 079 ərizə, 674 məktub, 123 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.