Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində monitorinqlərə başlayıb.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, rayonun Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə sahələrinə baxış keçirilib.
Sürüşmə sahələrindəki vəziyyətlə bağlı arayışlar hazırlanıb aidiyyəti qurumlara təqdim olunacaq.
Ekspedisiya rəisi qeyd edib ki, Mədrəsə kəndində təhlükəli vəziyyət yaranıb: “Mədrəsə kəndində vəziyyət ürəkaçan deyil. Kəndin şimal-şərq hissəsində 20-yə yaxın ev qəzalı vəziyyətdədir. Evlər hər an sürüşməyə məruz qala bilər. Kənddə insanlara paylanmış pay torpaqlarında da çox saylı batmalar baş verib, sürüşmələr davam edir. Ərazidə tektonik çatlarda səth suları çıxır. Həm də kənd ərazisindəki yol çöküb”.