GÜNÜN ŞƏRHİ
Keçmiş sovet respublikaları SSRİ dağılandan sonra hərəsi bir problem yaşadı. Konfliktlər, iqtisadi dağıntılar və s. İslam Kərimovun hakimiyyəti dönəmində Özbəkistanda qapalı bir sistem formalaşdı.
Özbəkistan məhz onun avtoritarizmi sayəsində bir çox məsələlərdən yayına bildi. Cəmiyyətdə demokratik institutlar inkişaf etməsə də, Özbəkistanın özü həm siyasi, həm də iqtisadi cəhətdən müstəqil siyasət yürütməyə müvəffəq oldu. Dünya iqtisadiyyatına inteqrasiya olmadı, ölkəyə böyük layihələr gəlmədi. O, sadəcə olaraq, formalaşmış iqtisadiyyatı bir az yeni şəraitə uyğunlaşdırdı. Xüsusilə də istehsalda kənardan xarici ölkələrin investisiyalarının müəyyən dərəcədə cəlb olunması, işsizlik probleminin həlli ilə əlaqədar geniş addımlar atıldı. Amma cəmiyyətdə polemika, diskussiya mədəniyyəti, plüralizm çox geniş vüsət almadı. Qazaxıstandan fərqli olaraq, çox qapalı cəmiyyət oldu.
İslam Kərimovdan sonra Özbəkistanda kimin hakimiyyətə gələcəyini və ölkənin hansı yolu seçəcəyini isə zaman göstərəcək.