MN: Erməni kəşfiyyat-diversiya qrupunun məqsədi qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub

Anar Eyvazov

© APA | Anar Eyvazov

# 27 may 2021 15:23 (UTC +04:00)

“Ermənistan tərəfi mayın 27-i saat 03.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər.

Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?”

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir: “Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun.

Kəşfiyyat-diversiya qrupunun fəaliyyətini mühəndis işləri kimi qələmə verməsi düşmənin özünə bəraət qazandırmaq cəhdidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR