Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə qarışıq komissiyanın VIII iclası keçirilib.
“APA-Economics” xəbər verir ki, iclas zamanı Avstriya ilə Azərbaycan nümayəndə heyəti arasında maliyyə, kənd təsərrüfatı, nəqliyyat, gömrük, texnologiyalar sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan tərəfdən nümayəndə heyətinə komissiyanın sədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Avstriya nümayəndə heyətinə isə bu ölkənin elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqer rəhbərlik edib.
Görüş zamanı B. Qierlinqer bildirib ki, Avstriya şirkətlərinin iştirakı ilə həyata keçirilən bir neçə layihələr, Bakı “Ağ şəhər” layihəsi çərçivəsində olan birgə səylər, texnologiya institutları ilə gələcək əməkdaşlıq, xüsusilə də Bakıda keçiriləcək “Formula-1” yarışlarının təşkili ilə bağlı Avstriya və Azərbaycan şirkətləri arasında olan əməkdaşlıq layihələri xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə qarışıq komissiyanın VIII iclasının protokolu imzalanıb.
Qeyd edək ki, komissiyanın növbəti iclası 2017-ci ildə Avstriyada keçiriləcək.