Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin inkişaf etmiş Qərb dövlətləri, NATO, Avropa İttifaqı ilə uğurlu əlaqələri var”

Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin inkişaf etmiş Qərb dövlətləri, NATO, Avropa İttifaqı ilə uğurlu əlaqələri var”
# 18 avqust 2015 08:52 (UTC +04:00)

Bakı-APA. "Aparılan məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin sərhəd mühafizəsi dünya ölkələrinin müvafiq qurumları arasında xüsusi nüfuz qazanıb".

APA-nın xəbərinə görə, bunu “Azərbaycan” qəzetinə verdiyi müsahibədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev deyib.

Elçin Quliyev bildirib ki, Xəzər dənizində transsərhəd mütəşəkkil cinayətkarlığın qarşısının alınması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, Transxəzər iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Rusiya, Qazaxıstan və Türkmənistanın sərhəd qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri inkişaf etməkdədir: “Dünya dövlətlərinin müvafiq qurumları ilə qarşılıqlı faydalılıq əsasında işgüzar əlaqələrin yaradılması dövlət sərhədlərimizin mühafizəsinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə, Transxəzər iqtisadi layihələrin həyata keçirilməsinə, neft-qaz ixrac-boru kəmərlərinin sərhəd boyu zolaqdan keçən hissələrinin mühafizəsinin təşkilinə, TRASEKA, Şərq-Qərb və GUAM dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm sahələrə, sərhəddə mövcud olan problemlərin aradan qaldırılmasına müsbət təsir göstərir. Hazırda Dövlət Sərhəd Xidmətinin inkişaf etmiş Qərb dövlətləri, NATO, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə uğurlu əməkdaşlıq əlaqələri var. Bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) bəzi işçi qrupunun iclasları Bakı şəhərində keçirilir”.

Elçin Quliyev söyləyib ki, qarşılıqlı faydalılıq əsasında qurulan əlaqələr kadrların hazırlanması işində də öz müsbət nəticələrini verir: “Azərbaycan sərhədçiləri xarici ölkələrdə kurslara, treninqlərə göndərilirlər ki, bu da onların peşəkarlıq səviyyəsinin artmasına kömək edir. Eyni zamanda, xarici dövlətlərin sərhədçiləri Azərbaycana gəlir, ölkəmizin sərhəd mühafizəsinin qazandığı təcrübədən faydalanırlar. Dövlət Sərhəd Xidmətinin Akademiyası xarici dövlətlərin ölkə hüdudlarının mühafizəsi üçün mütəxəssislər hazırlayan beynəlxalq tədris mərkəzinə çevrilməkdədir. Ötən il akademiyada Səudiyyə Ərəbistanı Krallığının yüksək rütbəli zabitləri üçün kurslar təşkil olundu. Hazırda bir neçə MDB üzv dövlətlərinin, Əfqanıstan və İraqın sərhəd xidmətləri tərəfindən bu ölkələrin hərbi qulluqçularının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları barədə müraciətlər olmuşdur ki, bu istiqamətdə danışıqlar davam etdirilir”.

Elçin Quliyev bildirib ki, sərhəd məntəqələrində bir neçə ildir səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir: “Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, Dövlət Sərhəd Xidmətində rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə imkanlarına malik vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir”.

Elçin Quliyevin sözlərinə görə, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarının tətbiqinə başlanılıb.

Cənab Prezidentin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə davam etdirilir. Cənab Prezidentin iştirakı ilə keçən il istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir. Zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir və nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir. Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR