APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kuleşov deyib.
V. Kuleşov bildirib ki, yığıncaqda şuranın yarandığı gündən bu yana fəaliyyəti təhlil edilib, bu il Xəzər, Qara və Azov dənizlərində, eləcə də quru sərhədlərində keçirilmiş xüsusi əməliyyatların, profilaktik tədbirlərin nəticələri qiymətləndirilib: “Biz birgə fəaliyyətin perspektivlərinə və effektivliyinin yüksəldilməsinə də diqqət yetirdik. Orta Asiya regionundakı vəziyyəti dəyərləndirdik və fəaliyyətimizin prioritet istiqamətlərinə aid 7 məsələyə baxaraq 21 qərar qəbul etdik”.
V. Kuleşov qeyd edib ki, tərəflər MDB ölkələrinin sərhədlərində mümkün böhranlı situasiyaların aradan qaldırılması üzrə işi əlaqələndirmək, eləcə də sərhəd mühafizəsi sahəsində birgə kadr hazırlığı barədə razılığa gəliblər.
Rusiyalı qonaq Bakıda bir sıra obyektlərə, o cümlədən Dövlət Sərhəd Xidmətinin Akademiyasına baş çəkdiklərini söyləyib: “Bu təhsil müəssisəsi mütəxəssis hazırlığı üçün çox ciddi bazaya malikdir”.