Parlament seçkilərində mədəniyyət və incəsənət xadimlərindən kimlər iştirak edəcək?

Parlament seçkilərində mədəniyyət və incəsənət xadimlərindən kimlər iştirak edəcək?
# 15 oktyabr 2010 15:06 (UTC +04:00)
APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, indiyədək 15-ə yaxın mədəniyyət xadiminin deputatlığa namizədliyi qeydə alınıb. Onlardan ən tanınmışı namizədliyini 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən irəli sürmüş Azərbaycanın xalq artisti Zeynəb Xanlarovadır.

Parlament seçkilərində namizədliyini irəli sürən və qeydə alınan mədəniyyət işçiləri arasında Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvləri, eləcə də teatr rəhbərləri var. 9 saylı Binəqədi ikinci seçki dairəsindən Rəssamlar İttifaqının üzvü, rəssam Zeynəb İsmayılova, 15 saylı Yasamal birinci seçki dairəsindən Rəssamlar İttifaqının digər üzvü Tamerlan Zeynalov, 33 saylı Xətai birinci seçki dairəsindən yazıçı Hüseynbala Mirələmov, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə AYB üzvü Saday Şəkərov, 62 saylı Saatlı seçki dairəsi üzrə AYB və Jurnalistlər Birliyinin üzvü Minayə Əliyevanın namizədliyi qeydə alınıb.

72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə xalq şairi Sabir Rüstəmxanlı, 86 saylı İsmayıllı seçki dairəsi üzrə bəstəkar Novruz Aslan, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə mədəniyyət işçisi Fərhad Cəfərov, 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə Ağdam rayon Heydər Əliyev Muzeyinin direktoru Anar Əmirov və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradov builki parlament seçkilərində namizəd qismində iştirak edəcək. Mədəniyyət işçiləri arasında ən uzunömürlü millət vəkili xalq artisti Zeynəb Xanlarova hesab olunur. Zeynəb xanım Xanlarova on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub və hazırda Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür.

Builki parlament seçkilərində iştirak edən mədəniyyət və incəsənət xadimləri arasında Milli Məclisin üzvü olanlar da var. Zeynəb Xanlarova ilə yanaşı, Sabir Rüstəmxanlı, Hüseynbala Mirələmov, Novruz Aslanov millət vəkilidir.

7 noyabr - parlament seçkilərində iştirak edəcəyi gözlənilən bəzi mədəniyyət işçiləri son nəticədə fikirlərindən daşınıblar. Belə şəxslər sırasında xalq artistləri Flora Kərimova, Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayevanın adını çəkmək olar. Flora Kərimova bu seçkilərdə iştirak edəcəyini bəyan etsə də, sonradan fikrindən vaz keçib. Seçkilərdə iştirak edəcəyini bəyan edən, ötən parlament seçkilərində millət vəkili seçilən bəstəkar Hüseyn Abdullayev bu il keçiriləcək parlament seçkilərdə iştirak etməyib. Gələn ay keçiriləcək parlament seçkilərində öncə namizədliklərini irəli sürən, sonra isə geri götürən mədəniyyət xadimləri də olub.

Xatırladaq ki, 2005-ci ildə keçirilən parlament seçkilərində xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Amaliya Pənahova, xalq yazıçısı Əkrəm Əylisli, xalq şairi Vaqif Səmədoğlu, bəstəkar Hüseyn Abdullayev, şair Musa Quliyev (Urud), xalq şairi Zəlimxan Yaqub, yazıçı Hüseynbala Mirələmov, bəstəkar Novruz Aslanov, AYB katibi Rəşad Məcid, şair Rüstəm Behrudi, xalq yazıçısı Rüstəm İbrahimbəyov, AYB-nin üzvü, əməkdar incəsənət xadimi Nəriman Həsənzadə, keçmiş KVN-çi Anar Məmmədxanov, mərhum xalq artisti Əliabbas Qədirov və başqaları namizədliklərini irəli sürmüşdülər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR