Yevgeni Sloboda: “Bütün dairələrdə müşahidə aparmağı planlaşdırırıq” – MÜSAHİBƏ

Yevgeni Sloboda: “Bütün dairələrdə müşahidə aparmağı planlaşdırırıq” – <font color=red>MÜSAHİBƏ </font>
# 27 oktyabr 2010 11:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycan Milli Məclisinə keçiriləcək seçkiləri müşahidə edəcək missiyasının qərargahının rəhbəri Yevgeni Slobodanın APA-ya müsahibəsi.

- Azərbaycanda seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz? Hansı görüşlər keçirmisiniz, işiniz nədən ibarətdir?

- Müşahidə missiyası artıq 8 gündür Bakıdadır. Mərkəzi Seçki Komissiyasında, Xarici İşlər Nazirliyində olmuşuq, hökumət nümayəndələri ilə görüşlər keçirmişik. ATƏT-in müşahidə missiyasının rəhbəri Odri Qloverlə də görüşmüşük, seçki kampaniyasının gedişini müzakirə etmişik. Missiyanın üzvləri 8 dairə və seçki məntəqələrinə baş çəkib, Neftçala və Abşerona getmişik, yaxın günlərdə nisbətən uzaq regionlara səfər etməyi düşünürük.
Biz seçki qanunvericiliyini təhlil edirik, siyasi partiya və seçki blokları ilə görüşlər keçiririk. Müşahidələrin yekununda obyektiv sənəd hazırlamaq üçün seçki prosesi ilə bağlı şikayət və müraciətləri araşdıran strukturlara müraciət etmişik ki, bizi bu barədə məlumatlandırsınlar. Bu məqsədlə Respublika Prokurorluğuna, Ali Məhkəməyə, Daxili İşlər Nazirliyinə və MSK-ya məktublar ünvanlamışıq. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, biz hər zaman konkret və obyektiv cavablar almışıq və onların əsasında həmin strukturlarda şikayətlərə necə baxıldığını müəyyən etmişik.
Missiyanın işi əvvəlki illərdə olduğu kimi müstəqil qurulur, Azərbaycan qanunlarına riayət edilir. Biz MSK ilə sıx əməkdaşlıq edirik, orada iclaslar açıq keçirilir, beynəlxalq müşahidəçilər, KİV nümayəndələri dəvət olunur. Bizim hüquqşünasımız bütün iclaslarda iştirak edir və biz bu müşahidələr əsasında MSK-nın necə işlədiyini qiymətləndirə bilirik.

Müşahidə missiyasının tərkibinə gəldikdə, Azərbaycan qabaqcadan MDB-yə dəvət göndərmişdi. Bununla bağlı MDB-yə üzv ölkələrə məktublar ünvanlanmışdı və hazırda 320-dən artıq MDB müşahidəçisi akkreditasiyadan keçib. Biz missiyanın formalaşmasının davam edəcəyini gözləyirik və hesab edirik ki, onun tərkibində 400-ə yaxın adam olacaq. Səsvermədən sonra müşahidəçilərin təmsil etdiyi ölkələrin hamısının nümayəndələrinin iştirakı ilə uzunmüddətli müşahidə və səsvermə günü əldə olunan anketlər əsasında yekun sənəd hazırlayacağıq. Seçki günü qərargah səhərdən gecəyə kimi işləyəcək. Seçkilərin onlayn rejimdə yayınlanmasını alqışlayırıq, biz onun gedişini və nəticələrini izləyə biləcəyik. Seçki məntəqələrində veb-kameraların quraşdırılmasını da alqışlayırıq. Azərbaycanda bu təcrübə artıq üçüncü dəfədir həyata keçirilir və biz onların necə işlədiyini artıq izləmişik.

- Müxalifət nümayəndələri ilə görüşmüsünüzmü? Onların seçki kampaniyası ilə bağlı iradları olubmu?

- Biz “Qarabağ” seçki blokunun nümayəndələri ilə görüşmüşük, heç bir iradları olmayıb. Planlarımızda digər seçki bloklarının təmsilçiləri ilə görüşmək də var. Biz onlara görüşərək fikir mübadiləsi aparmağı təklif edirik. Bizim missiyamız kifayət qədər nüfuzludur, onun tərkibində çox sayda deputat, bütün səviyyələrdə seçki komissiyalarının üzvləri var. Bu insanlar seçki prosesinin bütün incəliklərini bilən professionallardır.

- Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Bu dəyişiklikləri öyrənirik, bizim mütəxəssislər, ekspertlər və hüquqşünaslar öz rəylərini verəcəklər. Hesab edirik ki, Azərbaycan seçki qanunvericiliyinə edilən dəyişikliklərin hamısı seçkilərin azad və ədalətli keçirilməsi və Seçki Məcəlləsinin liberallaşmasına yönəlib.

- Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərini də izləmişdiniz. Həmin vaxt mövcud olan seçkiqabağı vəziyyətlə hazırkı seçkiqabağı vəziyyət arasında hansı fərqləri görürsünüz?

- O zaman demək olar ki, bütün binaların üzərində plakatlar yapışdırılmışdı. İndi isə bu məsələ öz həllini tapıb. Təbliğat üçün xüsusi stendlər quraşdırılıb. Mən hesab edirəm ki, bu, düzgündür, çünki mədəniyyət və memarlıq abidələri zərər çəkməməlidir. O zaman da seçki kampaniyası sakit şəkildə aparılırdı, indi də sakit keçir. Biz deputatlığa namizədlərin seçicilərlə görüşlərində də iştirak edirik. Deyə bilərəm ki, görüşlər sakit keçir, seçicilər aktivlik nümayiş etdirir, hər cür suallar verilir.

- Missiya aralıq hesabat hazırlayacaqmı?

- Biz bu dəfə geniş press-reliz hazırlayacağıq. Bizə materiallar daxil olur, onları təhlil edirik. Press-reliz seçkiqabağı təbliğatın əsas məqamlarını, seçici siyahılarının hazırlanması və seçki komissiyalarının işini əhatə edəcək.

- Hansı dairələrdə müşahidələr aparacaqsınız?

- Biz bütün dairələri əhatə etməyi planlaşdırırıq, bunun üçün bizdə kifayət qədər insan var. Hazırda müşahidəçilərin bölgələr üzrə bölümünü aparırıq. Müşahidəçilər üçün müvafiq informasiya-metodik materiallar hazırlayırıq ki, onları seçki öncəsi və seçki günü nə edəcəkləri barədə məlumatlandıraq.

- Bəs müşahidə missiyasının rəhbəri nə vaxt gələcək?

- Müşahidə missiyasının rəhbəri, MDB-nin icra katibi Sergey Lebedev noyabrın 4-də gələcək və seçki bitənə kimi Azərbaycanda qalacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR