YAP ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkiləri ilə bağlı yekun hesabatına münasibət açıqlayıb

YAP ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkiləri ilə bağlı yekun hesabatına münasibət açıqlayıb
# 26 yanvar 2011 14:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 7 noyabr parlament seçkiləri ilə bağlı hesabatı qərəzli hazırlanıb. Əslində, ATƏT-dən başqa cür hesabat da gözləmirdik”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, Əfqanıstan və İraq kimi ölkələrdə seçkinin nəticələrini demokratik sayan ATƏT-in Azərbaycanla bağlı tənqidi hesabat hazırlaması ən azı qəribədir: “Həmin ATƏT əhalisinin 90 faizinin yazı-pozu bilməyən, 8 faizinin orta, yalnız 2 faizinin ali təhsili olan Əfqanıstanda keçirilən seçkilərə “azad, ədalətli və demokratik” adı qoyub. Əfqanıstan və demokratiya, təsəvvür edirsinizmi? Tayfalara bölünmüş bir yerdə demokratik seçki keçirildiyini deyirdi ATƏT. İndi həmin ATƏT-dir. Yaxud İraqda keçirilən seçkilərlə bağlı da ATƏT və ATƏT-ə himayədarlıq edən ölkələr “seçki azad, ədalətli və demokratik keçdi” dedi. Azərbaycanda qadınların seçki hüququ olanda, Amerikada bu yox idi, bu hüquq 1972-ci ildə verildi onlara. Yaxud irqi ayrı-seçkilik salaraq hər kəsin seçkidə iştirakına icazə verilmirdi. Azərbaycan xalqının isə çox gözəl seçki təcrübəsi, ənənəsi var, tam demokratik, azad və ədalətli seçkilər keçirib və keçirir”.

S. Novruzov Azərbaycanda seçki dairələrinin hamısının yeni bina ilə təmin olunduğunu xatırladaraq, DSK-larda daimi iş yerlərinin mövcudluğunu vurğulayıb: “Dünyanın heç bir yerində belə şey yoxdur. Seçki dairələri ən yeni texnologiyalarla təmin edilib. Namizədlərin qeydiyyatdan keçməsi üçün ən münbit şərait yaradılıb. Parlament seçkilərində cəmi 450 imza toplayıb DSK-ya təqdim etməklə, qeydiyyatdan keçmək olar. Özü də cəmi iki sənəd tələb olunur. Namizədlərin qeydiyyatının ən rahat forması Azərbaycandadır. Həmçinin, istənilən siyasi partiya asanlıqla seçkiyə qatıla bilər. Azərbaycanda hər bir namizəd üçün pulsuz efir vaxtı və rəsmi qəzetlərdə ödənişsiz təşviqat imkanı yaradıldı. Pullu efir vaxtı üçün isə elə qiymətlər qoyulmuşdu ki, bu, dünya standartlarından 10 dəfə aşağı idi. Bunlar indi daha hansı şərtlər tələb edirlər ki, seçkinin keçirilməsindən razı qalsınlar? Bunların şərti odur ki, “siz çəkilin qırağa, biz müəyyənləşdirdiyimiz adamlar gəlib parlamentdə otursun”. Buna isə seçki demirlər, təyinat deyirlər. O da Azərbaycanda mümkün deyil. Çünki Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq da gəlib səsini verdi, istədiyi adamları seçdi. Axı bizim rəqiblərimiz olduqlarını iddia edənlər namizəd irəli sürməyə adam tapmırdılar. “AXCP-Müsavat” blokunun adından elə adamların namizədliyi irəli sürülmüşdü ki, həmin şəxslər Azərbaycanda deyildi, ayrı-ayrı ölkələrdə alver edirdi. Biz seçki vaxtı 10-a qədər belə namizəd olduğunu üzə çıxardıq ki, Rusiyada, İranda, Türkiyədədir. Əslində, biz iqtidar olaraq onların namizədlərinin daha çox olmasının tərəfdarıyıq. Sadəcə olaraq namizəd tapıb irəli sürə bilmirlərsə, biz buna neyləyə bilərik? Yadımdadır, bir dəfə ATƏT-in keçmiş nümayəndəsi bizdən xahiş etmişdi ki, bələdiyyə seçkilərində partiya kimi iştirak etməyək. Soruşduq niyə? Cavab verdi ki, o biri partiyaların bu cür iştirak etməyə imkanı yoxdur, biz seçkiyə qatılsaq, onlar pis vəziyyətdə qalacaqlar. Onların təklifləri budur”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR