Moskvada Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşü keçirilir

Moskvada Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşü keçirilir
# 04 iyun 2012 10:00 (UTC +04:00)
APA-nın Moskva müxbirinin məlumatına görə, görüş Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə “Rossiyskaya qazeta”nın redaksiyasında keçirilir.

Görüşdə Azərbaycanın KİV rəhbərlərindən “Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov, “1news” agentliyinin baş redaktoru Rəhman Hacıyev, “Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, “News.az” xəbər portalının baş redaktoru Elnur Baimov və jurnalist Azər Həsrət iştirak edirlər.

Ermənistan tərəfdən Ermənistan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının eksperti Armen Minasyan, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert, kulturoloq-blogger Samvel Martirosyan, “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan, Ermənistan Prezident Aparatı İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Ara Saqatelyan və “Qolos Armenii” qəzetinin baş redaktorunun müavini Marina Qriqoryan görüşə qatılıblar.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan və keçmiş səfir, MDB Dövlətlərarası Humanitar Fondunun icraçı direktoru Armen Smbatyan da iştirak edirlər.

Görüş daha sonra İTAR-TASS informasiya agentliyində davam etdiriləcək.

Xatırladaq ki, bu il fevralın 22-də “Rossiyskaya qazeta”nın redaksiyasında iki ölkə ziyalılarının görüşü keçirilib. Görüşdə iştirak edən M. Şvıdkoy bu cür təmasların davam etdiriləcəyini söyləyib.

Bundan başqa, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Bakıya son səfəri zamanı yaxın vaxtlarda Azərbaycan və Ermənistan ziyalıları arasında növbəti görüşün keçiriləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də keçirilən Soçi görüşündə də humanitar təmasların fəallaşdırılması qərara alınıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR