Rafael Hüseynov: «Dağlıq Qarabağda müharibə nə Azərbaycan xalqına, nə regiona, nə demokratik Avropaya lazımdır»

Rafael Hüseynov: «Dağlıq Qarabağda müharibə nə Azərbaycan xalqına, nə regiona, nə demokratik Avropaya lazımdır»
# 25 iyun 2012 18:42 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. AŞPA yay sessiyasının ilk iş günündə keçirilən sərbəst müzakirələrdə Avropada ölkələrində demokratiya, insan hüquqları və digər siyasi məsələlər ətrafında çıxışlar olub. Müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Naira Zohrabyan irəlicədən öz ölkəsinin mətbuatında elan etdiyi kimi Azərbaycanı guya atəşkəs rejimini pozmaqda ittiham edib. Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutunyan isə AŞPA-dakı Dağlıq Qarabağ üzrə Alt Komitəyə diqqət yönəldərək, Assambleya rəhbərliyinin həmin qurumun fəaliyyətini dirçəltmək cəhdlərini pisləyib və bu quruma ehtiyac olmadığını bildirib.
Daha sonra sərbəst müzakirələrdə söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistan dövlətinin apardığı daxili və xarici siyasəti ifşa edən ciddi problemləri Assambleya üzvlərinin diqqətinə çatdırıb.
“Son dövrlərdə Cənubi Qafqaz regionunda gedən proseslərin bütün Avropada sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilməsi Assambleya tərəfindən təxirə salmadan ciddi addımların atılması ehtiyacını yaradıb. Başlıca təhlükə nədən ibarətdir? Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsini bir sıra xarici qüvvələrin köməyi ilə zəbt etmiş və 20 ilə yaxın bir müddətdə bu əraziləri nəzarətdə saxlayan Ermənistan son aylarda intensiv şəkildə atəşkəs rejimini pozmağa başlayıb. Dağlıq Qarabağ problemini danışıqlar vasitəsilə həll etmək Ermənistanın, o cümlədən, işğala uğramış Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü əsas öhdəliklərindən biridir. Ermənistanın atəşkəs rejimini sistemli şəkildə pozması və gizlətmədiyi müharibə niyyətləri bu dövlətin problemi sülh yolu, diplomatik vasitələrlə həll etmək fikrindən uzaqda olduğunu bir daha aşkar nümayiş etdirməkdədir. Bu nəticəyə gəlməyə əsas verən digər amilsə ondan ibarətdir ki, Ermənistan Avropa Şurası bürosunun qərarı ilə yaradılmış Dağlıq Qarabağ üzrə müvəqqəti komitənin fəaliyyətini Assambleya rəhbərliyinin bütün səylərinə baxmayaraq mütəmadi olaraq pozmaqdadır. İndiki situasiyada genişmiqyaslı müharibənin başlanması son dərəcə real görünməkdədir. Ermənistan və Azərbaycanın insan resurslarını, iqtisadi vəziyyətini, hərbi gücünü müqayisə edərkən son dərəcə böyük fərqlər hər kəsə aydın olar. İqtisadi cəhətdən tənəzzül içərisində olan və bu böhranlı vəziyyəti hər gün daha da dərinləşən Ermənistanın bütöv dövlət büdcəsi Azərbaycanın yalnız müdafiə xərcləri üçün nəzərdə tutulmuş xərclərindən də azdır. Ağır siyasi, iqtisadi, mənəvi şərait üzündən ölkədən çıxmaq imkanı olan bütün vətəndaşların kütləvi şəkildə Ermənistanı tərk etməsi nəticəsində əhalinin sayı 2 dəfədən artıq azalıb. İndi Azərbaycan əhalisi Ermənistandakından 4 dəfə çoxdur.
Bəs bütün müqayisələrin əleyhinə olmasına baxmayaraq Ermənistan niyə inadla müharibəyə can atır? Bunu 2 səbəblə izah etmək mümkündür. Ölkə hazırda elə bir iqtisadi və siyasi fəlakət vəziyyətindədir və əhalinin narazılığı də elə yüksək həddə gəlib çatıb ki, çıxılmaz situasiya yaranıb. Yalnız işğal etdiyi qonşusuna deyil, öz xalqına da düşmən kimi yanaşan Ermənistan rəhbərliyi bu halda diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün bütün imkanlardan istifadə etməyə hazırdır. Yaxşı, bəs başlaya biləcək müharibədə qələbə şansı olmadığını anladığı halda Ermənistan niyə fəlakətə doğru can atır? Çünki Ermənistan yenə ümidini xarici qüvvələrə bağlayıb. Bu ölkə demək olar ki, formal müstəqil dövlət sayıla bilər. Ölkə ərazisindəki xarici hərbi bazaların miqdarına görə Ermənistanı Avropa Şurası üzvü olan heç bir dövlətlə müqayisə etmək mümkün deyildir. Kənar qüvvələrin iki ölkə arasında münaqişəyə qatılması isə müharibənin ağlasığmaz faciəli miqyaslar almasına, zəncirvari reaksiya ilə hərbi əməliyyatların nəhəng coğrafiyanı əhatə etməsinə gətirib çıxara bilər. Qaynama həddinə yetişən su mütləq daşmalıdır. Hadisələrin son aylardakı axarı, Ermənistanın gün-gündən şiddətlənən təhrikedici əməlləri isə açıqca söyləyir ki, qəfil qaynama anı uzaqda deyil. O an yetişəndən sonra isə əhatə dairəsi çox iri ola biləcək faciələrin qarşısını almaq mümkünsüzləşəcək. Ona görə də nə qədər ki, həmin qaynama anı, partlayış məqamı yetişməyib, təcili və təxirsiz addımlar atılmalıdır.
Avropa Şurasında, elə bu sessiyada, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə çərçivəsində müzakirələri təşkil edilməlidir. Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi bütün səlahiyyətlərindən və təsir imkanlarından yararlanaraq dərhal atəşkəs rejiminin pozulması hallarının qabağının alınmasını tələb etməlidir.
Bu müharibə nə erməni, nə Azərbaycan xalqına, nə regiona, nə demokratik Avropaya lazımdır. Bəs kimin üçün lazımdır? Bu sualın cavabı ətrafında düşünək və bunu da bircə an belə unutmayaq ki, böyük müharibə təhlükəsi artıq son dərəcə realdır! Ayıq olun!”, deyə azərbaycanlı millət vəkili bəyan edib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon deputat Rafael Hüseynovun çıxışına reaksiya verərək, AŞPA Bürosunun qərarı ilə yaradılmış Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin dayandırılmadığını bildirib və əksinə bu qurumun fəaliyyətini gücləndirmək üçün ciddi iş aparıldığını söyləyib. O, bir vaxtlar intensiv fəaliyyətdə olmuş Alt Komitəni dirçəltməyin zəruriliyini qeyd edərək elə cari sessiyada Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini dəvət edəcəyini, məsələ ilə əlaqədar müzakirələr aparacağını bildirib. AŞPA prezidenti Dağlıq Qarabağ üzrə Alt Komitəni işlək orqanizmə çevrilməsi ilə əlaqədar məsələni yenidən büronun gündəliyinə çıxaracağına da söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR