Bundestaq üzvü: “Almaniya və Qərbi Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə daha yaxından qoşulmalıdır”

Bundestaq üzvü: “Almaniya və Qərbi Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə daha yaxından qoşulmalıdır”
# 23 sentyabr 2014 11:24 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, müsahibədə Azərbaycanın müasir vəziyyətinə, xüsusilə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına geniş yer ayrılıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin mübahisəsiz ərazisinin böyük bir qismi Ermənistan tərəfindən işğal edilib. O bildirib ki, bu məsələ ilə bağlı BMT qətnamələri qəbul olunub və orada bu işğalın qeyri-qanuni olduğu əksini tapıb: “Lakin bu qətnamələr yerinə yetirilməyib. Ərazilər hələ də işğal altındadır və çoxlu qaçqın var. Digər problemlər də meydana çıxıb ki, bunlar da ərazinin artıq nəzarət altında olmamasından irəli gəlir. Krım böhranı ilə müqayisə aparmaq olar. Əlbəttə ki, Ukraynanın Avropa Birliyi, daha dəqiq desək, Polşa ilə sərhədi olduğu üçün biz bu məsələyə daha ciddi yanaşırıq. Bu mənada biz münaqişəyə daha yaxınıq. Düşünürəm ki, Ukraynadakı böhranla bağlı biz Azərbaycandakı problemin həllinə də bir addım yanaşsaydıq, daha yaxşı olardı. Hazırkı vəziyyət beynəlxalq hüquqa ziddir və dəyişiklik tələb olunur, hazırda bu dəyişikliyin edilməsinə Azərbaycandan daha çox Ermənistan töhfə verə bilər. Digər tərəfdən isə, Rusiya da böyük töhfə verə bilər, belə ki, Rusiya Federasiyasının ətrafında baş verən digər münaqişələrdə olduğu kimi, bu münaqişəyə də Rusiya cəlb olunub”.

Aparıcının “bəs necə olur ki, ikitərəfli danışıqların, AB və BMT qətnamələrinin və Almaniya Federativ Respublikasının istəklərinin heç bir təsiri yoxdur?” sualına millət vəkili belə cavab verib: “Müəyyən bir həddə qədər biz səhnə arxasını görə bilmirik, lakin tam aydındır ki, Rusiya Ermənistanla yaxındır və onun üçün vacibdir. Buna görə də, bizim nəzərimizdə BMT-nin, ATƏT-in və Azərbaycanın son illər ərzindəki cəhdləri heç bir nəticə verməyib. Bu, divara qarşı dayanmadan qaçmağa bənzəyir, təəssüf ki, bu dözülməz vəziyyət dəyişməyib və münaqişə açıq yara olaraq qalır”.

Millət vəkili problemin həlli yolundan bəhs edərkən birmənalı şəkildə deyib ki, ən asanı problemin Dağlıq Qarabağın Azərbaycan dövlətinin bir hissəsi olduğunu təsbit edən beynəlxalq hüquqa əsasən qanuni şəklidə həlli olardı. Bunun ardınca o, aparıcının “Başqa sözlə, erməni əsgərləri çantalarını toplayıb, öz evlərinə yola düşməlidirlər” fikrinə də “Düzdür, siz qətnamələrə bu şəklidə xülasə verə bilərsiniz”, - deyə cavab verib.

M. Vandervitç Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilərin qeyri-konstruktiv mövqeyi, onların beynəlxalq təşkilatlar və dövlətləri eşitməməsi barədə suala cavabında mövqeyini belə ifadə edib: “Məncə, ermənilər təbii ki, eşidirlər. Onların iştirakı ilə bir sıra çoxtərəfli danışıqlar keçirilir, lakin heç nə baş vermir. Qeyd etməliyəm ki, Ermənistan kiçik ölkə deyil, lakin BMT və ATƏT-in qətnamələrinə qarşı gedə biləcək qədər böyük ölkə də deyil. Belə məntiq ortaya çıxır ki, bu regionda öz maraqlarını qoruyan qonşu Rusiya münaqişəyə ciddi dərəcədə cəlb edilib”.

Parlamentar konkret olaraq AFR və Qərbi Avropanın münaqişənin həllindəki roluna da toxunub: “Azərbaycan daha öncə dəfələrlə nümayiş etdirib ki, o müstəqil şəkildə hərəkət edir. Bu, əlbəttə ki, çox vacib haldır. Ona görə də, məsləhət olar ki, biz Almaniya Federativ Respublikası və Qərbi Avropa olaraq, münaqişənin həllinə daha yaxından qoşulaq və deyək: Bir tərəfdən biz strateji enerji tərəfdaşlığını istəyirik, digər tərəfdən isə bu münaqişə ilə bağlı öz səsimizi qaldırmaq istəyirik və tezliklə irəliləyişin baş verməsi ümidi ilə barmağımızı bu açıq yaranın üzərinə qoyacağıq, çünki sizin istəyiniz mümkünsüz bir şey deyil, beynəlxalq hüquq sizin tərəfinizdədir”.

M. Vandervitç müsahibəsində regionda beynəlxalq münasibətlər və Almaniya Federativ Respublikası ilə Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə də toxunaraq, Azərbaycanı qeyri-stabil regionda stabil dövlət adlandırıb. Onun fikrincə, Azərbaycan zəngin neft və qaz ehtiyatlarının yaxınlığı baxımından yalnız Almaniya üçün deyil, Avropa üçün də maraqlı tərəfdaşdır: “Azərbaycan ilə Almaniya və Avropa Birliyi arasında münasibətlər tarixən yaxşı olub və bu, enerji münasibətlərindən də kənara çıxır. Misal üçün, mədəniyyət sahəsində aramızda etibarlı əməkdaşlıq mövcuddur. Bütün bunlardan başqa, Azərbaycan tərəfi neft və qazını bizə satmağa maraqlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR