FHN-in Akademiyasında “Xocalıya ədalət!” tədbiri keçirilib - FOTOSESSİYA - VİDEO

FHN-in Akademiyasında “Xocalıya ədalət!” tədbiri keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 fevral 2015 13:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov açıb. P. Süleymanov çıxışında bildirib ki, Xocalı soyqırımı əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı düşünülmüş işğalçılıq siyasəti nəticəsində baş verib: “Xocalı strateji bir nöqtədə yerləşirdi. Heç təsadüfi deyil ki, Dağlıq Qarabağda yeganə hava limanı məhz Xocalıda idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə azərbaycanlılara qarşı soyqırımı cinayəti törədiblər. Xocalıdakı mühüm tarixi abidələr tamamilə məhv edilib. Xocalı soyqırımı ermənilərin əsrlərdir azərbaycanlılara qarşı yürütdükləri siyasətin tərkib hissəsidir. Biz Xocalı soyqırımını və bu kimi başımıza gətirilən digər faciələri qətiyyən unutmamalıyıq. Bu gün prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətin nəticəsində dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini tanıyır. Biz bilik və bacarığımızı artırmalıyıq ki, ermənilərlə mübarizədə öz gücümüzü göstərə bilək. Sabah bizim akademiyada birinci dərslərin hamısı Xocalıya həsr olunacaq. Xocalıda dünyasını dəyişənlərə Allahdan rəhmət, onların yaxınlarına isə səbir diləyirəm”.

FHN Akademiyasının rəis müavini Cabir Həsənov artıq 11 ölkənin Xocalı soyqırımını tanıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında dünya liderlərinin diqqətinə bu məsələləri çatdırdı. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində müxtəlif tədbirlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası keçirilir. Artıq 11 ölkə bu soyqırımı tanıyıb. Bu günün bizim məqsədimiz Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır”.

FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov da tarix boyu ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasət barədə tədbir iştirakçılarına məlumat verib.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Məhv edilmiş şəhər, Xocalı” filmi nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR