Küveyt Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələr həyata keçirəcək

Küveyt Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələr həyata keçirəcək
# 04 may 2015 15:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinə yeni təyin olunmuş baş direktor Xalid Salah Al-Rayes və onun müavini Ali Mufreinlə görüşüb.

 

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, F. Hüseynov Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, Azərbaycan dövləti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Sədr müavini qeyd edib ki, Azərbaycanda bütün beynəlxalq humanitar və inkişaf təşkilatlarının səmərəli fəaliyyəti üçün hərtərəfli və şəffaf şərait yaradılıb və bu təşkilatların həyata keçirdiyi layihələr Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir. Elə Küveytin bu beynəlxalq humanitar təşkilatının Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi də ötən müddətdə digər sahələrlə yanaşı, əsas diqqəti qaçqın və məcburi köçkünlərin içməli su ilə təminatına, təhsil müəssisələrinin, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə, imkansız ailələrə maddi yardım edilməsinə yönəldib. F. Hüseynov bildirib ki, Azərbaycan dövləti iqtisadi inkişafının sürətlənməsi nəticəsində bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini üzərinə götürüb, buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan soydaşlarımız var.

 

Küveytin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini vurğulayan Xalid Salah Al-Rayes Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Eyni zamanda rəhbərlik etdiyi təşkilat tərəfindən əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına, bununla əlaqədar aparılan müzakirələrin müsbət səmərə verəcəyinə əminliyini bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR