QAT “Qarabağ Təbliğat Turu” çərçivəsində İstanbulda bir sıra görüşlər keçirib

QAT “Qarabağ Təbliğat Turu” çərçivəsində İstanbulda bir sıra görüşlər keçirib
# 23 sentyabr 2013 10:41 (UTC +04:00)

İstanbul. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü, Azad Qarabağ Uğrunda Alyansın iştirakı ilə Türkiyənin İstanbul şəhərində "Qarabağ Təbliğat Turu" çərçivəsində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.


APA-nın məlumatına görə, təşkilat nümayəndələri və QAT-ın Türkiyə təmsilçilərinin iştirakı ilə öncə İstanbuldakı Ədirnəkapı şəhidliyi ziyarət olunub, Türkiyənin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhuna dualar oxunub.

Sonra QAT təmsilçiləri Ülkü Ocaqları İstanbul Başkanlığında görüş keçiriblər. Görüşdə vilayət başqanı Əhməd Yigit Yıldırım azərbaycanlı qonaqları İstanbulda görməkdən məmnunluğunu ifadə edərək Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. O qeyd edib ki, ildə 4 dəfə rəhbərlik etdiyi qurumda Qarabağ problemi və Xocalı soyqırımına dair müxtəlif konfranslar təşkil olunur.

QAT sədri Akif Nağı isə vurğulayıb ki, torpaqları işğal altında, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın bu gün Türkiyəyə çox böyük ehtiyacı var. A. Nağının sözlərinə görə, QAT Dağlıq Qarabağ münaqişəsinin yalnız hərbi yolla həllinin tərəfdarıdır: “Bu baxımından qardaş ölkə kimi Türkiyənin dəstəyinə çox böyük ehtiyacımız var. Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətlərarası müzakirələr təşkil olunsa da, bu problemin Türkiyə ictimaiyyətinə, QHT-lərə çatdırılması böyük əhəmiyyət kəsb edir. Məqsədimiz Türkiyə və Azərbaycanın bu problem ətrafında daha da sıx birləşməsi və bir düşmənə qarşı mübarizə aparmasına xidmət edir”.

Azad Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli çıxışında Qarabağ münaqişəsinin həllində dil və din birliyi məsələlərinə toxunub.

QAT-ın digər təmsilçiləri də çıxış edərək Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR