Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün aparılan sənəd qəbulu başa çatır

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün aparılan sənəd qəbulu başa çatır
# 18 mart 2013 13:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabah Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün aparılan sənəd qəbulu başa çatır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, bu günə kimi işə qəbul olmaq üçün müraciət edənlərin sayı kifayət qədər çoxdur. A.Qədirli qeyd edib ki, artıq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün keçiriləcək ilk imtahanın vaxtı məlumdur: “Belə ki, ilk imtahan martın 28-də Bakıda keçiriləcək və imtahanın nəticəsi qısa müddət ərzində açıqlanacaq. İmtahan iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test imtahanı zamanı namizədlərə ümumilikdə 50 suala cavab veriləcək ki, bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Müraciət edənlərin sayı çox olduğu üçün ilk imtahandan sonra ikinci imtahanın da keçirilməsi nəzərdə tutulur. Zamanla yeni vakansiyalar yarandıqca isə hər bir aydan bir imtahanların keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR