Gələn il ərzində Çovdar yatağının cinahları, yəni ötən il "AzerGold" QSC-nin geoloqları tərəfindən kəşf edilən Ağyoxuş və Mərəh sahələrinin istismara verilməsi planlaşdırılır.
"APA-Economics"in məlumatına görə, bunu "AzerGold"un sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən deyib.
"Məlumat verim ki, Ağyoxuş yatağının resurs potensialı 40 min unsiya qızıl olaraq hesablanmışdır. Hazırda yatağın açıq üsulla istismarı layihəsi çərçivəsində mədən dizaynı hazırlanır. Mərəh sahəsinin isə ilkin kəşfiyyat işləri müsbət nəticələnib və ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Növbəti mərhələdə ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üzrə işlər davam etdiriləcək", - deyə Z. İbrahimov qeyd edib.
Onun sözlərinə görə Göygöl rayonunda yerləşən və potensial resursları 500 min unsiya qızıl olaraq qiymətləndirilən Tülallar yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il də sürətlə davam etdiriləcək. Tülallar sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurslarının hesablanması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq.
Bundan başqa, Çovdar yatağın 2024-cü ildə yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulub. Yatağın sulfid fazası üzrə təsdiqlənmiş resursları 350 min unsiya qızıl və 925 min unsiya gümüş təşkil edir. Hazırda resursların artırılması istiqamətində əlavə buruq-qazma işləri yekunlaşdırılmışdır, resursların hasilat səmərəliliyinin qiymətləndirilməsi həyata keçirilməkdədir. Cari ilin sonuna qədər yatağın sulfid fazası üzrə detallı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması gözlənilir, Z. İbrahimov əlavə edib.
"Digər iri layihələrimizdən biri Filizçay yatağıdır. Bilirsiniz ki, Balakən rayonunda yerləşən bu yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünyada polimetal yataqlarının ilk onluğuna daxildir. Yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyatları 60 mln. tona yaxın proqnozlaşdırılır. Planlaşdırılan tədqiqat işləri nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 mln. tona kimi artırılması da gözlənilir. Nəzərə almaq lazımdır ki, Filizçay yatağı ilə bağlı bütün məlumatlar Sovet dövrünə aiddir", - deyə Z. İbrahimov bildirib.
Bu məlumatların beynəlxalq standartlara uyğun yenilənməsi prosesi kifayət qədər vaxt tələb edir. Bununla yanaşı hər bir yataq istismara verilinə qədər onun ehtiyat həcmlərinə uyğun icra edilməsi tələb olunan mərhələləri var. Bu mərhələlərin müddəti yatağın həcmi ilə yanaşı, yerləşdiyi relyefdən, geoloji strukturdan və digər məsələlərdən asılı olaraq dəyişir.
Sədrin sözlərinə görə, yataqda hasilat işlərinə başlamazdan öncə potensial resursların təyin edilməsi, resursların hesablanması və təsdiqi, texniki-iqtisadi əsaslandırma və, nəhayət, tikinti işlərinin aparılması kimi mərhələlərdən keçməlidir ki, buna da müvafiq olaraq illər tələb olunur. Bütün bu prosesləri nəzərə alaraq ilkin olaraq Filizçay yatağın aktiv istismarına 2027-ci ildən başlanılması planlaşdırılırdı: "Lakin biz bütün qüvvələrimizi səfərbər etmişik ki, yatağın istismarına 2 il daha tez, yəni 2025-ci ildə başlayaq. Mart ayından etibarən ərazidə buruq-qazma işləri icra ediləcək, növbəti mərhələdə isə metallurji sınaqların aparılması planlaşdırılır. Yatağın istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq və ümumilikdə, yatağın yerləşdiyi ərazidə sosial-iqtisadi inkişafa böyük töhfələr vermiş olacaq".