Bakı. Hafiz Heydərov – APA. 2016-ci ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, nəticədə 490 nəfər ölüb, 1409 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8%), ölənlərin sayı 93 nəfər (16%), xəsarət alanların sayı 123 nəfər (8%) azalıb.
Bu ilin 8 ayı ərzində Bakı şəhəri ərazisində 440 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunların nəticəsində 118 nəfər ölüb, 463 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 99 fakt (18,4%), 35 nəfər (22,9%), 124 nəfər (21,1 %) azalıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,4%-ni (539) piyadaların vurulması təşkil edib ki, nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 35 nəfər uşaq və yeniyetmə ölüb, 124 nəfər xəsarət alıb.