Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu arasında görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov dəmir yolunda reallaşdırılan layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında ətraflı məlumat verib.
İkitərəfli görüşdə Azərbaycanın Estoniya və Azərbaycan dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müzakirə olunub. “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri R. Toomsalu “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib, tranzit yük daşımaları sahəsində gələcək əməkdaşlığın konturları haqqında məlumat verib.