Bakı - APA. Rusiya prezidenti Vladimir Putin ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya qrupunun Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya-Suriya hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu təsdiqləyib.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qanunda göstərilir ki, Rusiya aviasiya qrupu Suriya tərəfinin istəyi ilə Latakiya vilayətindəki Hmeymim aerodromunda yerləşir.
Sözügedən aerodrom Rusiya tərəfinin ixtiyarına təmənnasız verilir.
Ötən ilin avqustunda Dəməşqdə imzalanmış Rusiya-Suriya sazişinə əsasən Rusiya aviasiya qrupundan onun komandirinin qəbul etdiyi qərar əsasında istifadə edilir.