Nazir müavini: “Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək”

Nazir müavini: “Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək”
# 10 avqust 2016 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda vergi ödəyicilərinə xidmətlərin spektri genişləndiriləcək və bir sıra yeni elektron xidmətlərin tətbiqi həyata keçiriləcək.

APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyində prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, vergilərini vaxtlı-vaxtında ödəyən nümunəvi vergi ödəyiciləri və intizamsız vergi ödəyiciləri müəyyən ediləcək və onların adları ictimaiyyətə açıqlanacaq: “Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək və onlara ünvanlı xidmətlər göstəriləcək.

Vergitutma bazasının genişləndirilməsi və vergi nəzarəti ilə bağlı məsələlərə toxunan nazir müavini xərclərin süni şəkildə artırılması hallarının aradan qaldırılması, ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı - ofşor hesab edilən dövlətlərdə və ya ərazilərdə təsis edilmiş şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin transfert qiymətləri tətbiq edilməklə vergiyə cəlb olunması üçün qanunvericiliyə dəyişiklik ediləcəyini bildirib.

“Bununla yanaşı, Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu mexanizmlər ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsindən ibarətdir”, - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, bəzi vergi ödəyiciləri vergi qanunvericiliyi ilə verilmiş hüquqlardan sui-istifadə etməklə vergidən yayınırlar: "Beynəlxalq təcrübə nəzərə alınmaqla belə vergi ödəyicilərinin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyinə hüquqlardan sui-istifadə əleyhinə müddəaların daxil edilməsi nəzərdə tutulur".

Tədbirdə “Könüllü vergi açıqlaması” sisteminin tətbiqi barədə məlumat verilib. Qeyd edilib ki, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququnu verir ki, həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

İ.Vəliyev bildirib ki, artıq Vergilər Nazirliyində ölkə prezident İlham Əliyevin sərəncamı ilə əlaqədar kollegiya iclası keçirilib və sərəncamla müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı Tədbirlər Planı qəbul olunub: “Tədbirlər Planında Sərəncamda müəyyən edilmiş bütün məsələlər üzrə konkret görüləcək işlər, bu işlərə məsul struktur vahidləri və konkret icra müddətləri müəyyən edilib. Planın ilin sonuna kimi icrası təmin olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR