Azərbaycan Prezidenti: "İndi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır"

Azərbaycan Prezidenti: "İndi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır"
# 22 avqust 2022 13:21 (UTC +04:00)

"Əlbəttə ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır".

APA xəbər verir ki, bunu Prezidenti İlham Əliyev avqustun 22-də V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı çıxışında bildirib. Dövlət başçısı deyib ki, bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək:

"Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir.

Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik.

Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR