Dövlət başçısı: “Gəncənin azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaq”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 31 yanvar 2022 10:41 (UTC +04:00)

“Bir də ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Gəncədə AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir: “Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır”.

Prezident vurğulayıb ki, əlbəttə ki, şəhərin əhalisi artır: “Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada xüsusi rolu olacaqdır. Bir sözlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. Bu gün də belədir, sabah da belə olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR