Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri, dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin gördüyü tədbirlərə dair müzakirələr aparılıb.
Nazir neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib və bildirib ki, bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə dividend, diskont və faiz gəlirlərinin vergidən azad edilməsi, Azərbaycandan kapital axınının qarşısının alınması üçün valyuta tənzimlənməsi sahəsində qanunvericilik aktlarında dəyişiklik edilməsi, eyni zamanda investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.
Dünya Bankı və Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən Ş. Mustafayev yeni iqtisadi şəraitdə bankla sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb.