«Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr mühüm əhəmiyyət daşıyır. Əlbəttə, kimin hansı prizmadan yanaşması önəmlidir. Bu mənada təkliflər müsbət qiymətləndirilə də bilər, əleyhinə çıxanların da olması mümkündür. Ancaq hesab edirəm ki, məsələnin prinsipial tərəfi mütərəqqi mahiyyət daşıyır».
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov APA-ya açıqlamasında deyib. Deputat bildirib ki, geniş ictimaiyyət internet məkanda məsuliyyət hissinin artırılmasının tərəfdarıdır. Mövcud xüsusda müxtəlif tədbirlər, maarifləndirmə işləri aparılıb. Bu təbliğat müsbət nəticələr verib. «2003-cü ildə rəhbərlik etdiyim Mətbuat Şurası fəaliyyətə başlayanda mətbuat məkanında tənzimləmələrin aparılmasına ehtiyac var idi. Zamanla bu istiqamətdə bir sıra irəliləyişlər əldə olundu. İnformasiya texnologiyalarının sürətli inkişafı isə tamamilə fərqli vəziyyət yaratdı. Əlbəttə, internet məkanın hər bir şəxsin öz baxışlarını ifadə etmək anlamında özünü təsdiqləməsi müsbət haldır. Bu, söz və ifadə azadlığını dərinləşdirir. Ayrı-ayrı vətəndaşlar demokratik cəmiyyət quruculuğunda iştirak hüququ qazanırlar. İnternet media və sosial şəbəkələr sözün, fikrin ifadə plasdarmı olaraq çıxış edir. Amma heç kəs deyə bilməz ki, sahə tənzimlənməyə ehtiyac duymur. Əksinə, bunun üçün sosial sifariş var. Mətbuat Şurası bu sifarişi hər zaman dəyərləndirib və fəaliyyətini də zamanın tələbindən irəli gələrək qurub. Biz dəfələrlə bildirmişik ki, internet məkanın hansısa formada hüquqi münasibətlər sistemində yer almasına ehtiyac var. O cümlədən sosial şəbəkələrin də. Nəyə görə belə demişik? Ona görə ki, internetdə sui-istifadələrin olduğunu görmüşük. Görmüşük ki, bu meydanda təhqirlər və böhtanlar baş alıb gedir. Kimlərinsə şəxsiyyəti, şərəf və ləyaqəti alçaldılır. Məsuliyyət hissi arxa plana keçir. Nəticədə cəmiyyətdə xoşagəlməz ab-hava formalaşır. Belədə vəziyyətin ictimai tənzimləməsi istiqamətindəki tədbirlər istər-istəməz ləngiyir. Çünki internet üzərindən yayımın vurduğu zərər də ayrıca proses olmaq etibarilə daha dinamikdir. Yaxşı halda 10 zərərli tendensiyadan 3-4-ü zamanında aradan qaldırıla bilir. Deməli, hüquqi tənzimləməyə ehtiyac var» - deyə Ə. Amaşov fikrini əsaslandırıb.
Milli Məclisin deputatı bildirib ki, baş prokuror Zakir Qaralovun təklif etdiyi əlavələr qanunvericiliyin tamamlanması baxımından da önəmlidir: «Yenə də internetin dinamikliyi üzərinə gəlməyi düşünürəm. Əgər bir fikir və informasiyanın kütləvi yayılmasının vurduğu zərər nəzərə alınırsa, onun yayılma arealı da geniş götürülməlidir. Əvvəllər bu areal Ədliyyə Nazirliyində dövlət reyestrindən keçmiş konkret kütləvi informasiya vasitəsi idi. Belə deyək, təhqiramiz, böhtan dolu material hansısa qəzet və jurnalda yayımlana bilirdi. Ancaq indi internet var. Digər tərəfdən, qaldırılan məsələni heç də tam mənada yenilik saymaq olmaz. 2013-cü ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilmiş əlavələrdə internet də informasiyanın yayılma arealı kimi təsbit olunub. Müvafiq olaraq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə də buna uyğun dəyişikliklər edilərək internetlə bağlı məsuliyyət nəzərdə tutulub. Hazırkı dəyişiklik əsasən sosial şəbəkələrdəki saxta profillərlə bağlıdır. Bu da çox vacib məsələdir. Dinamikliyi nəticəsində sosial şəbəkələr daha geniş topluma xitab edir. Demək ki, xeyri kimi, ziyanı da əhəmiyyətli dərəcədə böyükdür. Bəzi saxta profillərdə radikal dini cərəyanlar, ekstremizm, separatçılıq və terrorizm təbliğ olunur. Bu məqam da mütləq qaydada nəzərə alınmalıdır».
Ə. Amaşov dünyada sosial şəbəkələrdəki təhqir və böhtan məsələlərinə kifayət qədər həssas yanaşıldığını vurğulayıb. «İndiki şəraitdə Avropanın bir çox səlahiyyətli qurumları internetdə, xüsusən də sosial şəbəkələrdə insanların alçaldılması ilə bağlı narahatlıq keçirirlər və vəziyyətin aradan qaldırılması üçün yollar axtarırlar. Britaniyada, Fransada, İtaliyada belə nümunələr var. Məsələ şəxsin malik olduğu təməl hüquq və azadlıqların pozulması kontekstində dəyərləndirilir. Kimsə təhqir olunursa, yaxud böhtanlarla üzləşirsə belə hesab edilir ki, onun hüquqları məhdudlaşdırılır. Təhqirə və böhtana yol verən informasiya vasitələri məsuliyyət daşıyırlar. Mən yadımdadır ki, hələ təxminən 4-5 il öncə keçirilən beynəlxalq konfranslarda sosial şəbəkələrdə yayımlanan informasiyanın ictimai rəyə təsirlilik dərəcəsi müzakirə olunurdu. Yəni sosial şəbəkələr informasiyanın yayılma arealı kimi çox ciddi qarşılanır. Məsələn, Britaniya qanunvericiliyi buna kifayət qədər mühafizəkar yanaşır. Ümumən təhqir və böhtan məsələlərinə Avropa qanunvericiliyində xeyli dərəcədə həssas yanaşmalar var və bu yanaşmalarda internet məkan heç də toxunulmaz elan edilməyib. Əksinə internetin, sosial şəbəkələrin təsir gücü daha çox nəzərə alınmaqdadır» - deyə o, vurğulayıb.
Deputat baş prokurorun təklif etdiyi əlavələrə münasibətdə bəzi əks fikirlərlə bağlı da mövqeyini açıqlayıb. O bildirib ki, hər bir qanunvericilik aktı mütərəqqi mahiyyət daşımalıdır. «Biz bilirik ki, baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr lazımdır, vacibdir. Sadəcə məsələ ətrafında fərqli interpretasiyalar var. Bu da ayrı-ayrı maraqlı qrupların mənafelərindən qaynaqlanır. Söz yox ki, əlavələr hansısa formada söz və ifadə azadlığı kontekstindəki manipulyasiyalara yol aça bilir. Ancaq biz məsələnin prinsipial tərəflərinə diqqət yetirməliyik. Təbii ki, yanaşmadan asılı olaraq istənilən qanunu mütərəqqi və mürtəce qiymətləndirmək mümkündür. Qanunun icrasına yanaşma da önəmlidir. Hesab edirəm ki, niyyət və məram düzgündürsə, problemlər olmayacaq, qanunun aliliyi təmin olunacaq. Təbii ki, ümumən bu sahədə müəyyən dəqiqləşdirmələrin də aparılmasına ehtiyac var. Məsələn, materialın yayımlanması hansı hallarda və vəziyyətlərdə kütləvi nümayiş sayılır? Deyək ki, bir nəfərin sosial şəbəkədəki profilində cəmi 5 nəfər var. Əlbəttə, onun yaydıqlarının kütləvilik əmsalı azdır. Yaxud hansısa internet saytın gündəlik IP sayı aşağıdırsa, buna kütləvilik demək olarmı? Hesab edirəm ki, bu sayaq məsələlərin ayrıca sənədlərdə dəqiqləşdirilməsinə ehtiyac var və bu ehtiyac zaman keçdikcə özünü daha çox göstərəcək. Başqa bir məsələ təhqir və böhtan yayan saxta sosial şəbəkə profillərinin və saytların əsasən xarici ölkələrdə qeydiyyatdan keçməsi və oradan idarə olunması ilə bağlıdır. Belə hallarla necə mübarizə aparılacaq? Hesab edirəm ki, bu kimi məsələlərə də diqqət yetirilməlidir» - deyə, Ə.Amaşov fikrinə aydınlıq gətirib.