Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda nümunəvi vergi ödəyiciləri siyahısını müəyyən etmək mümkün olmur”.
APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada vergilər naziri Fazil Məmmədov deyib.
“Əgər vergi ödənişlərinin həcminə baxsaq, birinci yerdə dövlət şirkətləri gəlir. Özəl şirkətləri götürsək, vergi həcminə görə neft konsorsiumları öndədir. Onlar da bəzən vergi qanunvericiliyindəki boşluqlarından istifadə etmək istəyirlər. Ümumiyyətlə, böyük şirkətlərdə də bəzən nöqsanlara rast gəlinir. Bu nöqsanlara yol verilməməsi lazımdır. Ümumiyyətlə, Vergilər Nazirliyi olaraq biz 10 ildir ki, müvafiq parametrlər tapa bilmirik ki, nümunəvi vergi ödəyicilərinin siyahısını müəyyən edək”, - deyə F. Məmmədov bildirib.
Nazir Azərbaycanda çoxlu sayda qeydiyyatsız iş yerlərinin olduğunu qeyd edib.
O, müxtəlif sahələrdə çalışanların vergiyə cəlb edilməsində problemlərin olduğunu bildirib. Misal qismində nazir repetitorluq xidməti göstərən müəllimləri göstərib. Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bu sahələrdə çalışanlar vergiyə cəlb olunan zamanı sosial durumlarının ağırlaşdığını dilə gətirirlər.