Bakı - APA-Economics. Korporativ sosial məsuliyyət strategiyasına sadiq qalan “Nar” növbəti xeyriyyə aksiyasına imza atıb.
Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, bu gün saat 10:00-dan 13:00-dək mobil operatorun baş ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanköçürmə aksiyası təşkil edilib. "Qan ver, həyat bəxş et!" şüarı altında keçirilən qan donorluğu aksiyası Respublika Talassemiya Mərkəzində qeydiyyatda olan xəstələr və digər qana ehtiyacı olanların şəfa tapmalarına yönəldilmiş xoş məramlı bir aksiya olub.
Qeyd edək ki, “Nar” daha öncə də bənzər təşəbbüslərlə çıxış edib. Bir müddət əvvəl Azərbaycanda qan donorluğunu təşviq etmək məqsədilə "Nar Donor" adlı sosial layihəyə start verilmiş və Bakı şəhərində qanköçürmə aksiyaları təşkil edilib. "Android" əməliyyat sistemli smartfonların biri-birinə birbaşa enerji ötürmələrini təmin edən xüsusi kabellər isə aksiyanın simvoluna çevriliblər. "Enerjini paylaş, telefon xilas et - qanını paylaş, insan yaşat!" şüarı altında keçirilən aksiya böyük ictimai diqqətə səbəb olub.