Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Yanvar
# 25 yanvar 2016 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Yaxın Şərq regionunda ABŞ-ın müttəfiqliyi uğrunda yarış gedir. Əslində bu yarışdan çox itirilmiş mövqeləri bərpa etmək üçün mübarizəyə daha çox bənzəyir. ABŞ-İran əlaqələrinin artan xətt üzrə inkişafı Səudiyyə Ərəbistanını pis vəziyyətdə qoyub və kral ailəsini ABŞ-a qarşı mümkün təzyiq imkanlarını işə salmağa məcbur edib. Zamanında yürütdüyü dempinq siyasəti ilə ABŞ-ın Rusiya və İranı zəiflətmək siyasətinə tam dəstək verən, OPEK-i hasilatı eyni səviyyədə saxlamağa məcbur edən Səudiyyə bu dəstəyin qarşılığını görmədiyini iddia edir. Elə bu səbəbdən Ər-Riyad neftin bahalaşması üçün əlindəki imkanları səfərbər edib və OPEK-in növbədənkənar toplantısının çağırılmasına etiraz etmir. Bununla bağlı anons verən Nigeriyanın neft naziri bildirib ki, Səudiyyə həm toplantının çağırılmasına, həm də gündəlik hasilatı aşağı salmaq barədə qərarın qəbuluna dəstək verir. Çox güman ki, kral ailəsi bu addımı atmaqla düşünür ki, neftin yenidən bahalaşması ABŞ-ın üzünü yenidən Səudiyyəyə qarşı çevirə bilər. Lakin mesajın verilməsindən keçən bir ay ərzində ABŞ-dan bir hərəkətlilik görünməyib, bu səbəbdən Səudiyyə əlindəki son silaha əl atmağa hazırlaşır. Vaşinqtonun dövlət borcu öhdəliklərinin əhəmiyyətli qismi Səudiyyənin əlində cəmləşib, hətta iddialara görə, kral ailəsi Çinin satışa çıxardığı ABŞ borc öhdəliklərinin bir qismini də almağa müvəffəq olub. İndi Ər-Riyad həmin öhdəlikləri satışa çıxarmaqla Vaşinqtona təzyiq göstərmək niyyətindədir. Çünki öhdəliklərin satışa çıxarılması ABŞ-ın fond birjalarını qısamüddətli olsa belə çökdürməyə qabildir. Səudiyyənin istəyi, kral ailəsini ABŞ-la kəllə-kəlləyə gəlməyə vadar edən nədir? Ər-Riyad İranın nüvə proqramına yaşıl işıq yandırılması ilə barışmır, çünki İran bununla nüvə dövləti olmasa da, de-fakto nüvə texnologiyaları dövlətinə çevrilir və Yaxın Şərqdə gedən nüfuz müharibəsində Səudiyyəni geridə qoymuş olur. Hələ altılıqla gedən danışıqlar dönəmində Ər-Riyad İrana yaşıl işıq yandırılacağı təqdirdə özü üçün də analoji şəraitin yaratmaq tələbi irəli sürmüşdü. Məsələ həm də təkcə Səudiyyənin nüvə texnologiyalarına sahib olub-olmamağından getmir. Ərəb baharından sonra Misirin zəifləməsi, Suriya və İraqın dövlət kimi çöküşü Səudiyyəni avtomatik olaraq ərəb dünyasının lider dövlətinə çevirib. ABŞ-ın arxa çevirməsi, üstəlik İranın nüvə texnologiyalarına sahib olması, Səudiyyənin ərəb dünyasında nüfuzuna böyük zərbə vurmuş olur ki, kral ailəsi də bununla barışmaq istəmir.

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR