Bakı-APA. “Suriyada humanitar yardım karvanına aviazərbəni ya Suriya ordusu, ya da Rusiya aviasiyası endirib. İstənilən halda ABŞ hesab edir ki, hadisənin baş verdiyi ərazidə endirilən aviazərbəyə görə məsuliyyət Rusiyanın üzərindədir”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib.
“Bizim faktlarımız açıq-aydın aviazərbənin endirilməsini təsdiqləyir. Bu o deməkdir ki, zərbəyə görə yalnız iki subyektdən biri məsuliyyətlidir – ya yerli rejim, ya da Rusiya hökuməti. İstənilən halda biz hesab edirik ki, aviazərbənin bu məkanda endirilməsinə görə məsuliyyət Rusiya hökumətinin üzərindədir”, - deyə Rods qeyd edib.
Rusiya tərəfi bundan əvvəl bəyan edib ki, nə Rusiya, nə də Suriya aviasiyası humanitar yardım karvanına zərbə endirməyib.