Təhlükəsizlik Şurasının katibi: “Əfqanıstan hər zaman Azərbaycanla həmrəyliyə sadiq olacaq”

Təhlükəsizlik Şurasının katibi: “Əfqanıstan hər zaman Azərbaycanla həmrəyliyə sadiq olacaq”
# 30 may 2016 16:10 (UTC +04:00)

Ramil Usubov Əfqanıstan Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib

Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir bu səfərin əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirib.

İki ölkənin daxili işlər orqanları arasında birbaşa əlaqələr qurulmasının vacibliyini vurğulayan nazir, bu məqsədlə "Təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb, rəhbərlik etdiyi qurumun ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

O da qeyd olunub ki, Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində əsas tərəfdaşlardan biridir və antiterror koalisiyasının üzvü kimi bu ölkədə təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir.

Daxili işlər naziri problemlərə toxunarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.

Mohammad Xanif Atmar Əfqanıstan İslam Respublikasının hər zaman Azərbaycanla həmrəyliyə sadiq qalacağını deyib. Təhlükəsizlik Şurasının katibi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yalnız regional və qlobal əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü təsdiq edib. Eyni zamanda, adıçəkilən saziş layihəsinin imzalanması üçün müvafiq tapşırıq veriləcəyi qeyd olunub.

Görüşdə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xalili iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR