Bakı. Cavid Zeynallı – APA. İtaliyanın Paestum şəhərində XIX Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, hər il 30-dək ölkənin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycan növbəti dəfə təmsil olunur.
Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə UNESCO, IKKROM, IKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfdaşlıq edir. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus stenddə sərgiyə gələn qonaqlara ingilis və italyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunur.
Ölkəmizə məxsus milli stendi ziyarət edən İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.