Güləş üzrə Azərbaycan millilərinin baş məşqçi postunda dəyişikliklər edilib. Apasport.az saytının məlumatına görə, əsas komandalarımızın çalışdırıcıları istefaya göndərilib.
Belə ki, 2012-ci London Yay Olimpiya Oyunlarından sonra yunan-Roma üzrə güləş komandamıza gətirilən Cəmşid Xeyrabadi millimizdən kənarlaşdırılıb. Onun vəzifəsini müvəqqəti icra etmək Akif Əliyevə tapşırılıb. Sərbəst güləş üzrə yığmamızda da Saypulla Absaidovla yollar ayrılıb. Növbəti dəfə vəzifəsi əlindən alınan dağıstanlı çalışdırıcı fəaliyyətini gənclər komandamızda böyük məşqçi kimi davam etdirəcək. Onu əsas yığmada müvəqqəti də olsa Firdovsi Umudov əvəzləyəcək.
Qərara əsasən, yalnız qadınlardan ibarət komandamızın baş məşqçisi Semyon Şterevlə müqavilə uzadılıb.
Bütün bunlara pəhləvanlarımızın Rio Yay Olimpiya Oyunlarında zəif çıxışı səbəb olub. Belə ki, 4 illiyin ən möhtəşəm yarışında 18 mümkün çəki dərəcəsindən 14-də iştirak edən güləşçilərimiz çempionluğa həsrət qalmışdılar.
Qeyd edək ki, aşağı yaş qrupları üzrə milli komandalarımızın da məşqçilər korpusu dəqiqləşib.