Dünya əhalisinin 1%-i autizm inspektor pozuntusundan əziyyət çəkir. Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasından APA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin (İSİM) nümayəndəsi Səbinə Babazadə “II Azərbaycan Autizm Paneli” adlı tədbirdə bildirib ki, autizm spektr pozulmaları ildən-ilə artır və getdikcə ağır, sosial problemə çevrilir. Onun sözlərinə görə, ABŞ-da 2004- cü ildə hər min uşaqdan 68-də həmin sindrom özünü göstərirdisə, 2014-cü ildə hər min uşaqdan 150-si onunla üzləşib.
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, dünyada olduğu kimi Azərbaycanda da autizmli uşaqların sayı artır: “Son zamanlar bu problemin aktuallaşdığını nəzərə alaraq, düşünürəm ki, hökumət səviyyəsində də bu məsələləri müzakirə etmək zərurəti yaranıb. Bu sahədə dövlət proqramının hazırlanmasına ehtiyac var. Ölkəmizdə autizm xəstəliyi ilə məşğul olan çox savadlı həkimlərimiz var. Düşünürəm ki, onların sayəsində hər bir ana yetərincə məlumatlana və vaxtında, əgər uşağında belə bir problem varsa onu aşkarlaya bilər”.