Bakı. Vüsal Nəbiyev - APA-Economics. Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.
QSC-dən "APA-Economics"ə verilən məlumata görə, M. Əliyev küçəsi 3126, 27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Belə ki, ərazidə tikintisi davam edən "Dərnəgül" elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə olunub. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradıb. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən "Bakı Metropoliteni" QSC rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul edib.
Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsinə verilib. Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" institutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.