ASA: Sığorta şirkətlərindən 14-də yığım azalıb, 11-də artıb

ASA: Sığorta şirkətlərindən 14-də yığım azalıb, 11-də artıb
# 22 fevral 2016 12:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, şirkət 35,2 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “İpək Yolu Sığorta”nın yığımları 8,6 mln. manat, “PAŞA Həyat Sığorta”nın yığımları isə 7,1 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Sığorta” (4,9 mln. manat) və “Qala Həyat Sığorta” (3 mln. manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 77%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 59 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (72 min manat), “Bakı Sığorta” (53 min manat), “Rəvan Sığorta” (49 min manat), “Amrah Sığorta” (3 min manat), “Azərqarant” (2 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 180 min manat olub və ümumi sığorta yığımlarının 0,2%-ni təşkil edib.

Ümumilikdə 25 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 35 mln. manatdan çox, 2-də 5 mln. manatdan çox, 10 şirkətdə 1 mln. manatdan çox, 2 şirkətdə 500 min manatdan çox, 5 şirkətdə 100 min manatdan çox, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 14-də isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci “PAŞA Sığorta” şirkətidir – 3,3 mln. manat. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 2,5 mln. manat, “PAŞA Həyat Sığorta”nın ödənişləri isə 1,8 mln. manat təşkil edib. Ödənişlərin məbləğunə görə, ilk 5-liyi “Atəşgah Sığorta” (994 min manat) və “Azərsığorta” (762 min manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 70%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 9 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Başak İnam” (4155 manat), “Qala Həyat Sığorta” (2195 manat), “İpək Yolu Sığorta” (2102 manat), “Amrah Sığorta” (1013 manat), “Günay Sığorta” (686 manat) və “Azərqarant” (60 manat) olub. “Qala Sığorta” şirkəti isə ay ərzində ümumiyyətlə ödəniş etməyib. Bu şirkətlərin ümumi göstəricisi təxminən 10 min manat olub ki, bu da ödənişlərin 0,8%-ni təşkil edir.

Ümumilikdə 25 sığorta şirkətindən 3-də ödənişlərin məbləği 1 mln. manatdan çox, 6 şirkətdə 500 min manatdan çox, 7 şirkətdə 100 min manatdan çox, 9 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta ödənişlərinin artımı, 16-da isə azalması baş verib. Şirkətlərdən birində - “Qala Sığorta”da isə həm ötən ilin, həm də bu ilin yanvarında ödəniş olmadığı üçün dinamika qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR