5 il bundan qabaq “Bank of Baku” tərəfindən bank sektoruna yeni bir məhsul - müştəriyə hissə-hissə ödəniş imkanı verən “Bolkart” kredit kartı təqdim olunub. “APA-Economics” alış-veriş etməyi sevənlərə geniş imkanlar təqdim edən “Bolkart”ın bu 5 il ərzində keçdiyi yola nəzər salmaq üçün “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov və ilk “Bolkart” müştəriləri ilə müsahibəni təqdim edir.
- Eldar bəy, “Bolkart” məhsulunun yaradılmasının 5 illiyi tamam olur. Bu müddət ərzində “Bolkart” banka və müştərilərə nə verib?
- Bəli, qeyd etdiyiniz kimi, düz 5 il bundan qabaq 2011-ci ilin oktyabr ayında Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı “Bolkart” bazara təqdim olundu. “Bolkart” bazara daxil olan gündən yüz minlərlə insanın sevgisini qazandı və ictimaiyyət arasında çox böyük marağa səbəb oldu. Bu layihə ilk öncə yuxarıda qeyd etdiyim kimi Azərbaycan bankçılıq bazarı üçün bir yenilik idi və təqdim olunduğu gündən sektorda böyük bir inqilaba səbəb oldu. Bununla da, hər zaman yenilikçi və innovativ imicini qoruyub saxlayan bankımız müştərilərinə təklif etdiyi məhsul və xidmətlərin çeşidliliyinin artırılmasına xidmət etdi. Eyni zamanda, bank mövcud partnyorlar şəbəkəsini qoruyub saxlamaqla yanaşı, onu daha da genişləndirərək iri şirkətlərin, məşhur geyim brendləri və şəbəkə parfümeriya mağazalarını cəlb etməyə nail oldu. “Bolkart” bankımızın fəaliyyətində və cəmiyyətdə, eləcə də, bank sektorunda tutduğu mövqeyinin daha da gücləndirilməsində mühüm rola malikdir. Bankın müştəri bazasının artırılmasında, müştərilərə göstərilən xidmət səviyyəsinin daha da təkmilləşdirilməsində Bolkart-ın faydası əvəzsizdir. Bankla yanaşı, “Bolkart” müştərilərə çox geniş imkanlar yaratmış, onların ən yaxın dostu ola bilmişdir. Alış-veriş sevənlərə həm ölkə daxilində, həm xaricdə rahat və sərfəli ödəniş imkanı təqdim etməklə, bu 5 il ərzində saysız-hesabsız kampaniyalardan, bol-bol üstünlüklərdən faydalanmalarına şərait yaratmışdır.
- “Bolkart” istifadəçilərinin sayı nə qədərdir? Bu kartın istifadəçiləri kimlərdir?
Hal-hazırda, aktiv “Bolkart” istifadəçilərinin ümumi sayı 400 000 nəfərdən çoxdur. Bu kartdan 18-65 yaş arası, müxtəlif peşə sahibləri istifadə edir.
- 5 il ərzində “Bolkart”ın dövriyyəsinin həcmini açıqlaya bilərsinizmi?
- Bu 5 il ərzində “Bolkart”dan keçən dövriyyənin ümumi həcmi 500 mln. manatdan çox olub. Bura həm ölkədaxili, həm də ölkə xaricində aparılan alış-verişlər, onlayn ödənişlər və digər əməliyyatlar daxildir.
- “Bolkart”ın digər məhsullardan üstünlüyü nədir?
- “Bolkart” 400 min nəfərdən çox istifadəçisinə olkədaxili və ölkəxarici alış-verişlərini, onlayn ödənişlərini sərfəli şərtlərlə etmələri üçün geniş partnyorlar şəbəkəsi, limitsiz imkanlar və bol-bol üstünlüklər təqdim edir. “Bolkart”ın digər analoji kartlardan fərqi daim müştərilərin istək və ehtiyacını nəzərə alaraq daim yenilənərək təkmilləşməsidir. Sonuncu belə bir yenilik, təxminən bir il bundan öncə “Bolkart”ın yenilənərək hər kəsə özəl 5 məhsul - “Bolkart Gənc”, “Bolkart Ailə”, “Bolkart Gold”, “Bolkart Business”, “Bolkart Diamond” kartlarını təqdim etməsi olmuşdur. Bu kartların hər biri sahiblərinə özəl üstünlüklər qazandırır. Belə ki, “Bolkart Gənc” daha çox 27 yaşınadək olan gənclər üçün nəzərdə tutulub ki, onların əyləncə mərkəzlərində, fast-food restoranlarında, kinoteatrlarda və digər məkanlarda alış-verişlərini və ya ödənişlərini rahat şəkildə etmələrinə imkan verir.
“Bolkart Ailə" kartı məişət, mebel, supermarket sektorunda əlavə bonuslar və imkanlar yaradır.
"Bolkart Gold" və "Bolkart Business" daha çox iş adamları üçün yaradılmış kartlardır.
"Bolkart Diamond" isə bizim premium müştərilər üçün nəzərdə tutulub. Onu əldə edənlərə "Priority pass" kartı da təqdim edilir. Bu müştərilərə hava limanlarında onlar üçün xüsusi ayrılmış restoranlarda istirahət imkanı təqdim edir. Bu dünyada olduqca məşhur bir xidmətdir. Həmçinin, “Bolkart Diamond” sahibləri alış-veriş zamanı qazandıqları ballara əsasən MİL-lər qazanma imkanı əldə edirlər.
Manat valyutasında rəsmiləşdirilən "Bolkart" kredit kartları ilə yanaşı, biz müştərilərə şəxsi vəsaitlərindən daha rahat istifadə etmələri üçün AZN, USD və EUR valyutasında "Bolkart Debet" kartlarını da təqdim edirik. Bu kart sahibləri balansları bankımızın və "MilliÖn" terminalları vasitəsilə cəmi 5 saniyə ərzində artıra, etdikləri hər alış-verişdə xərclədikləri vəsaitin 15%-dək hissəsini balanslarına geri ala və istədikləri vaxt komissiyasız nağdlaşdırma edə bilərlər.
- Qarşıdakı illərdə “Bolkart” məhsulu ilə bağlı hansı yeniliklər gözlənilir?
- Bildiyiniz kimi, "Bank of Baku" yenilikçi və innovativ bankdır. Biz öz ənənələrimizə sadiq qalaraq müştərilərimizin istək və tələblərinə uyğun məhsul və xidmətlərimizi yeniləyirik. Bu istiqamətdə işlərimizi mütəmadi olaraq davam etdirmək niyyətindəyik. Son bir il ərzində müştərilərimizə təqdim etdiyimiz əsas yeniliklərdən biri də, “Bolkart Debet” kartıdır ki, onlara saysız-hesabsız üstünlüklər, bonuslar qazandırır. Bu və digər üstünlüklərindən, həmçinin gələcəkdə tətbiq edəcəyimiz yeniliklərdən faydalanmaları üçün hər kəsi şəxsi vəsaitdən rahat istifadəni təmin edən “Bolkart” debet kartını əldə etməyə çağırıram.
- “Bolkart” taksit kartı ilə bağlı hansı kampaniya və yeniliklər gözlənilir?
- “Bolkart”ın 5 illiyi münasibətilə “Bolkartla qazan” aylığına start verdik. Bir ay ərzində müştərilərimizi 500+ hədiyyəli lotereya, 10 və daha çox sayda sürpriz dolu endirim və hədiyyəli kampaniyalarla sevindirəcəyik. Kampaniyalarımızdan həm cari “Bolkart”lılar, həm də yeni “Bolkart” əldə etmək istəyən müştərilər faydalana biləcəklər. Belə ki, partnyor şəbəkələrimizdə daha sərfəli şərtlərlə alış-veriş etməklə yanaşı, pulsuz və ya daha aşağı tariflə yeni “Bolkart” əldə etmək imkanına da malik olacaqlar. Müştərilərimizin bir çoxlarının səbirsizliklə gözlədiyi digər sürprizlər də olacaq. Hər bir yenilik haqqında məlumat həm sosial şəbəkələrimizdə, həm də rəsmi internet ünvanlarımızda yerləşdiriləcək. Qarşıdakı bir ay ərzində, bütün müştərilərimizi bizi daha diqqətlə izləməyə dəvət edirəm.
- “Bolkart” şəbəkəsinə aid olan ticarət şəbəkələrinin sayı nə qədərdir və bunun artırılması nəzərdə tutulubmu?
- Hazırda “Bolkart” şəbəkəsinə 2500-dən artıq ticarət nöqtəsi daxildir. Həmçinin bildiyiniz kimi “Bolkart” taksit kartı beynəlxalq ödəniş sistemləri olan həm “MasterCard”, həm “Visa” kart kimi müştərilərə təqdim olunur bu o deməkdir ki, “Bolkart”la dünyanın istənilən yerində ödəniş etmək mümkündür.
“Bank of Baku”nun ilk və hal-hazırda aktiv “Bolkart” istifadəçisi olan müştəriləri ilə olan qısa müsahibəni də Sizlərə təqdim edirik.
- Artıq 5 ildir ki, “Bolkart” istifadəçisisiniz. Bilmək istərdik, nə üçün məhz “Bolkart” sahibi olmaq istədiniz? Sizin üçün “Bolkart”ın üstünlüyü nədir? Bu 5 ildə “Bolkart”dan necə və nə üçün istifadə etmisiniz?
- Namiq Mirzağayev: 10 ildən çoxdur ki, “Bank of Baku”nun müştərisiyəm. “Bolkart”dan istifadəyə məhsulun reklamını bannerdə gördükdən sonra qərar verdim.
Banka yaxınlaşaraq kartı əldə etdim. Faydalı olduğu üçün istifadə etdiyim müddətdə məbləği də artırmışam. Digər bankların da bu kimi kartlarından istifadə etmişəm, lakin düşünürəm ki, “Bolkart” daha sərfəlidir. Çünki tez-tez müştərilər üçün müəyyən faizsiz kampaniyalar keçirilir. Bundan əlavə demək olar ki, bir çox ödəmə terminallarında keçərlidir. “Bolkart” vasitəsilə ilk aldığım əşya isə telefon olub.
- Aliyə Həsənova: Artıq 8 ildən çoxdur ki, bankın müştərisiyəm və 5 ildir ki, “Bolkart”dan istifadə edirəm. Demək olar ki, bütün alış-verişimi “Bolkart” vasitəsilə həyata keçirirəm.
Ən üstün cəhət kimi “Bolkart”ın demək olar ki, bir çox mağazalarda, ticarət mərkəzlərində ödəmə imkanlarının olmasını qeyd etmək olar. Bundan əlavə, balansdakı pul manatladır, bu isə ödəməni asanlaşdırır. İlk dəfə də “Bolkart” vasitəsilə qızıma geyim almışam. Çox istərdim ki, kartdakı məbləğ bir qədər də artırılsın.
- Mətanət Mustafayeva: İlk dəfə kredit götürmək üçün “Bank of Baku”ya müraciət etdim. Bankda əməliyyatların şəffaflığı və operativliyi məni hər zaman qane edib. Mən də kreditimi vaxtında ödədiyim üçün mənə “Bolkart” ilk dəfə bazara təqdim olunanda mənə də təklif olundu. Bu 5 il müddətində demək olar ki, “Bolkart”dan davamlı istifadə etmişəm. Hətta kartımdan o qədər çox istifadə etmişdim ki, yenilənməsinə ehtiyac vardı. Bank of Baku sağ olsun, kartımın yenilənərək əvəz olunmasında mənə dəstək oldu.
- Ramiz Hüseynov: Mən də 5 ildir ki, “Bolkart”dan aktiv istifadə edirəm. Demək olar ki, evimizin bütün əşyalarını “Bolkart” vasitəsilə almışam. Hər istifadə zamanı nə qədər faydalı bir məhsul olduğunu düşünmüşəm.