Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildiriblər. G. Hüseynova özünü qismən təqsirli bildiyini deyib.
Ceyhun Əsgərov da özünü təqsirli bildiyini açıqlayıb. Nicat Eyvazov isə özünü təqsirli bilmədiyini deyib.
Proses sentyabrın 30-da davam etdiriləcək.
***
11:44
Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G. Hüseynovanın vəkili prosesin qapalı keçirilməsi haqqında vəsatətlə çıxış edib.
Məhkəmə kollegiyası müşavirə edərək, prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib.
Vəkil iclasda ailədaxili məsələlərin açıqlana biləcəyini, bu səbəbdən kənar şəxslərin prosesdə iştirakının məqsədəuyğun olmadığını deyib.
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.