Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində 1951-ci il təvəllüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Zoya Abbasovanın yanmış meyitləri aşkar edilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri, polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.