“Hazırda Azərbaycanda jurnalistlərin 60-70 %-i qadın olsa da, onların təmsil etdiyi qurumların 80 %-nin rəhbəri kişilərdir. Bu, təəssüf doğurur”.
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq şöbəsinin müdiri Nemət Cavadov Bakıda “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib.
N. Cavadov qeyd edib ki, şura televiziyalara gender bərabərliyi haqqında verilişlərin hazırlanması ilə bağlı tövsiyələr verir: “Sosial problemlərə həsr olunan verilişlər var, amma həmin verilişlərdə daha çox qadınların gücü yox, ictimai həyatda, cəmiyyətdə əzilməsi nümayiş etdirilir. ARB TV-də “Elin gözü”, “Çıxış yolu Afət Rahilqızı ilə”, ATV-də “Bizimləsən”, Xəzər TV-də “Bizə danış” verilişləri sosial problemlərə həsr olunsa da, qadınların hüquqlarının pozulmasına toxunulur. Həftə ərzində sırf sosial problemlərin həllinə yönəlmiş 38 saatlıq efir materialı yayımlanır, ailə, qadın, uşaq, gender problemləri diqqət mərkəzində saxlanılır. Əsasən problemli ailələr, köməksiz qadınların qarşılaşdığı çətinliklər müzakirəyə çıxarılır, onlara dəstək göstərilməsinə yönəlik cəhdlər edilir. Təəssüf ki, bu tip verilişlərdə insanların problemləri üzərində şou yaradılması cəhdləri də olur”.
Şöbə müdiri qeyd edib ki, sırf qadınlardan bəhs edən proqramlar az deyil. Bu işdə özəl kanalların daha istəklidir: “Ümumilikdə, qadınlara həsr olunan verilişlərin həftəlik həcmi 30 saatdan çoxdur”.