Azərbaycan vətəndaşlığına xitam verilmiş şəxslərin vətəndaşlığının bərpası proseduru müəyyənləşdirilib

Azərbaycan vətəndaşlığına xitam verilmiş şəxslərin vətəndaşlığının bərpası proseduru müəyyənləşdirilib
# 18 avqust 2016 13:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.

APA-nın məlumatına görə, bu aydan qüvvəyə minmiş bu reqlament Azərbaycan vətəndaşlığının bərpa edilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulunu əhatə edir.

Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən bu ödənişli (“Dövlət rüsumu haqqında” qanuna əsasən Azərbaycan vətəndaşlığına bərpa edilmək barədə ərizələrin verilməsinə görə 110 manat məbləğində dövlət rüsumu müəyyən edilib) elektron xidmətin digər icraçıları Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir. Əvvəllər Azərbaycan vətəndaşı olmuş və ya Azərbaycan vətəndaşlığına xitam verilmiş şəxslər üçün nəzərdə tutulan bu elektron xidmət “http://az.e.migration.gov.az:80/Azərbaycan+Respublikası+vətəndaşlığının+bərpa+edilməsi/s/475” ünvanında təqdim edilir.

Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə əlavə olunan 3x4 sm ölçüdə fotoşəkil, şəxsiyyəti təsdiq edən sənəd, Azərbaycan vətəndaşlığına xitam verilməsi barədə qərarı qəbul edən orqan, həmin qərarın qəbul edilmə tarixi və nömrəsi, ailə tərkibi haqqında arayış, QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur) və dövlət rüsumunun ödənilməsi barədə sənədlərin surətləri elektron formada təqdim edilməlidir.

İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan vətəndaşlığının bərpa edilməsi üçün Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur. Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsi elektron formada Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərilir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti hər biri 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir. Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Xidmət əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Komissiyada baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir və bu barədə istifadəçiyə məlumat verir. Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi barədə müvafiq sərəncam verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR