H.Əliyev adına NEZ-də yenidənqurma layihəsi çərçivəsində müqavilə imzalanıb

 H.Əliyev adına NEZ-də yenidənqurma layihəsi çərçivəsində müqavilə imzalanıb
# 07 mart 2016 15:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. SOCAR-ın Baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) müqaviləsinin imzalanma mərasimi keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti R.Abdullayev H.Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərindən bəhs edib, mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının nəzərdə tutulduğunu və bunun da nəticəsində zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsulları istehsal olunacağını bildirib. R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, podratçılara nəzarət və idarəetmədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb edilib.

“KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü J.Braendeland bildirib ki, müqavilə çərçivəsində “SOCAR-KBR” və SOCAR mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası (IPMT) - “Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. O, “SOCAR-KBR” Birgə Müəssisəsinin layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcəyini və həmin mərhələlərə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a dəstək verəcəyini deyib.

Daha sonra sənədin imzalanma mərasimi keçirilib. Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov və “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü J.Braendeland imzayıb.

Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlamış və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, NQENKK kimi irimiqyaslı layihələrdə xidmət göstərib. SOCAR və “KBR” şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR