Prezident: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək etmək üçün Rusiya və Aİ-nin həqiqi istəyini görürəm”

Prezident: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək etmək üçün Rusiya və Aİ-nin həqiqi istəyini görürəm”
# 15 dekabr 2021 17:30 (UTC +04:00)

“Səmimi desək, mən heç bir fərq görmürəm. Çünki mən iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində jurnalistin “Sizcə, burada, Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə təmas Soçidəki son görüşdən nə ilə fərqlənir? Demək istəyirəm ki, görünür, cənab Putinin rəhbərliyi ilə artıq çox işlər görülüb. Siz Brüsseldəki təmasların fərqi barədə nə deyərdiniz?” sualına cavab olaraq deyib.

“Əks halda, onlar bu danışıqlarda bizə vaxt sərf etməzdilər və bizim vaxtımızı almazdılar. Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardandır. Onların görəcəyi çox iş var, çox geniş gündəlikləri var. Əgər onlar bu məsələni müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək üçün bir dəfə deyil, mütəmadi olaraq vaxt sərf edib səy göstərirlərsə, bu, o deməkdir ki, onların əsl istəyi kömək etməkdir və biz bunu qiymətləndiririk. Biz burada hər hansı rəqabət görmürük, baxmayaraq, bəziləri düşünə bilər ki, bu, bir növ rəqabətdir, qətiyyən belə deyil. Bizə gəlincə, görürük ki, bu səylər bir-birini tamamlayır, bu səylər sülh prosesini dəstəkləyə bilər. Mən onu da bilirəm ki, Prezident Putin və Prezident Mişel arasında təmaslar olub, onlar Azərbaycanla Ermənistan arasındakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Əgər Ermənistan sülh sazişinin hazırlanmasında bizimlə əməkdaşlıq etməyə razılaşsa, sözsüz ki, fəsilləri, əsas prinsipləri formalaşdırmaq və həll tapmaq üçün bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlara ehtiyacımız olacaq. Beləliklə, mənim gözləntilərim bununla əlaqədardır. Sözsüz ki, hər şey bugünkü üçtərəfli görüşün necə keçməyindən asılı olacaq. Lakin bizim mövqeyimiz aydındır. Biz buraya müsbət dinamikanı gücləndirməyə gəlmişik”, - Azərbaycan Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR