Prezident: "Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır"

Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi

© APA | Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi

# 18 dekabr 2021 16:12 (UTC +04:00)

“Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində “Minaların təmizlənməsi çox həssas, vacib və strateji fəaliyyətdir. Həqiqətən də azərbaycanlıların azad olunmuş ərazilərə geri dönməsi və məskunlaşması arzu olunursa, həmin ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Bu səbəbdən mən təəccübləndim. Minaların təmizlənməsi kimi həssas bir məsələnin Avropa İttifaqını daha öncə hərəkətə keçməyə vadar etməməsi Sizi təəccübləndirirmi?” sualına cavabında bildirib.

Prezident qeyd edib ki, çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil: “Bundan əlavə, bu, çox bahalı işdir və siz tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda genişmiqyaslı bərpa işlərinə başlanılan ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni, geri dönəcək insanlar ciddi problemlər və həyati təhlükə ilə üzləşəcəklər. Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşmır. Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var - tamamilə dağıdılmış ərazilərdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR