Qarqarçayın yatağında eradan əvvəl VIII-VII əsrə aid küplər aşkarlanıb

Qarqarçayın yatağında eradan əvvəl VIII-VII əsrə aid küplər aşkarlanıb
# 16 avqust 2016 07:40 (UTC +04:00)

Bakı - APA. Ağcabədi rayonunun Minəxorlu kəndi yaxınlığında – Qarqarçayın yatağında eradan əvvəl VIII-VII əsrlər üçün səciyyəvi olan küplər aşkar edilib.

 

AMEA-dan APA-ya verilən məlumata görə, küpləri çayın yaxınlığında təsərrüfat işləri ilə məşğul olan Minəxorlu kənd sakinləri tapıblar.

 

Çay yatağında tədqiqat aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, tapılan küplər bir-birindən 100-120 metr aralı, iki qrup halındadır. Hər qrupda yan-yana bir ox boyunca düzülmüş üç küp var. Burada kənarlarına iri çay daşları qoyulmuş ocaq yeri də diqqəti cəlb edir. Onun içərisi təmizlənərkən sarı gilli torpaqda kömür qalıqlarına, saxsı qırıntılarına və sümük parçalarına təsadüf olunub.

 

Küplərdən dördü təmizlənərək tam açılıb. Bad üsulu ilə düzəldilən və müxtəlif ölçüdə olan küplər torpağa dik basdırılıb, kənarları gəc məhlulu ilə suvanıb. Onların yuxarı hissəsi dağılıb, bəzilərinin enli köbəli və kənarları kəndirvari naxışlı ağız hissələri içərisinə tökülüb. Küplərin mövcud hündürlüyü 0,8 metrə yaxındır. Gövdə hissədə diametrləri 0,9-1,1 metrdir. Yalnız 1 küpün gövdəsində üfüqi çubuqvari qulpu olan saxsı qaba rast gəlinib. Bütövlükdə isə küplərin ətrafında və içərisinə dolmuş torpaqda Erkən Dəmir dövrünün son mərhələsi – eradan əvvəl VIII-VII əsrlər üçün səciyyəvi olan xeyli nazik divarlı, qara cilalı, çərtmə naxışlı, bardaq tipli qab qırıqlarına təsadüf olunub.

 

“İlkin araşdırmalar Qarqarçay hövzəsində açılan küplərin də həmin dövrə aidliyini və maye (su və ya şərab) saxlanılan anbarın bir hissəsi olduğunu göstərir. Görünür, istiqamətini dəyişən Qarqarçay bu anbarın yerləşdiyi sahədən keçərək onu öz yatağının bir hissəsinə çevirib. Anbarın yaxınlığında – Qarqarçayın sol sahilində yerləşən və bəhs olunan dövrə aid zəngin yerüstü materialları olan Qurdlutəpə yaşayış məskəni ilə bağlılığını ehtimal etmək olar. Azərbaycan tarixinin nisbətən zəif öyrənilmiş dövrünə aid bu abidələrin tədqiqi maraq doğuran yeni nəticələr verə bilər”, – deyə arxeoloq bildirib.

 

Təvəkkül Əliyev qeyd edib ki, Qarqarçay hövzəsi Azərbaycan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən arxeoloji abidələrlə zəngindir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR